Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunun “Gənc İlhamçıları” Quba şəhərinin qonağı olub.

19 iyul 2017 | 16:00

Nəsimi Rayon İcra Hakimiyyətinin Quba Rayon İcra Hakimiyyəti ilə birgə layihəsi olan “Gənc İlhamçılar” yay istirahət düşərgəsinin iştirakçıları Quba şəhərində ekskursiyaya çıxmışlar.
Bu gün ölkəmizdə yeniyetmə gənclərin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri, həmçinin tarixi-mədəni keçmişimizə, milli mənəvi dəyərlərə rəğbət ruhunda tərbiyə olunması prioritet istiqamətlərdəndir. Əsas məqsəd gənclərin cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirakına stimul verməkdir. Respublikamızda yeniyetmələrin intellektual və yaradıcı potensialının üzə çıxarılması, onların  fəallığının artırılması istiqamətində məqsədyönlü layihə və proqramlar həyata keçirilir.
Belə layihələrdən biri də Nəsimi Rayon İcra Hakimiyyətinin Quba Rayon İcra Hakimiyyəti ilə birgə Quba şəhərində həyata keçirdiyi Nəsimi rayonunun şəhid ailələri, Qarabağ müharibəsi veteranları, rayonun aztəminatlı  ailələrinin  uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər ümumi sayı 200 nəfər yeniyetmə üçün “Gənc İlhamçılar” yay istirahət düşərgəsi təşkil olunmasıdır.
Layihə iştirakçıları Quba şəhərində yerləşən Gənclər Mərkəzi və Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olmuşlar. “Gənc İlhamçılar”-ın Heydər Əliyev Mərkəzinə ziyarəti zamanı onların diqqətinə çatdırılmışdır ki, milli memarlıq elementlərindən istifadə olunmaqla müasir tikinti texnologiyalarına uyğun inşa olunan dördmərtəbəli mərkəzdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzey fəaliyyət göstərir. Burada Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə ölkəmizin müxtəlif bölgələrinə səfərlərini, o cümlədən Quba rayon ictimaiyyəti ilə görüşlərini əks etdirən fotoguşələr yaradılmışdır.
“Gənc İlhamçılar” Gənclər Mərkəzi ilə də yaxından tanış olmuşlar. Ümummilli Liderin irsinin gənc nəsillərə çatdırılması üçün  Gənclər Mərkəzində virtual tədris sinifləri, üç konfrans zalı, kompüter mərkəzi və kitabxana vardır. Bundan əlavə, mərkəzdə xarici dillər mərkəzi, 3D kino zalı, ədəbiyyat dərnəyi, kulinariya məktəbi, heykəltəraşlıq, xalça və rəsm studiyaları, fotostudiya da yerləşir. Burada gənc nəslin müasir texnoloji yeniliklərlə yaxından tanış olmasına və onların bilik və bacarıqlarının daha yaxşı inkişaf etdirilməsinə yönələn kurslar təşkil olunmuşdur.
Nəsimi rayon məktəbliləri Mərkəzdə olan idman oyunları otaqlarında şahmat, stolüstü tennis oyunları yarışlarında iştirak etmişlər.
Düşərgə iştirakçıları Quba şəhərindəki Heydər Əliyev parkını gəzib, Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və xatirə fotoşəkilləri çəkdirmişlər.
Quba rayonu ilə tanışlığı davam etdirən düşərgə iştirakçıları həmçinin Quba rayon YAP təşkilatı, Yaşıl Teatr, Quba Olimpiya Mərkəzi  ilə tanış olmuşlar.

Keçidlər