Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda FİTZONA idman meydançasının açılış mərasimi keçirilib

25 oktyabr 2017 | 16:00

25 oktyabr 2017-ci il tarixdə  – “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Əsas Yük Terminalında korporativ sosial məsuliyyət proqramı çərçivəsində "IVY GROUP" şirkəti ilə birgə təşkil etdiyi “Fitzona” idman meydançasının açılış mərasimi keçirilib.

Fitzona idman meydançası sağlam həyat tərzi, idman və həmrəyliyə yönəlmiş layihədir. Bütün dünyada uğur qazanmış və açıq hava şəraitində məşqləri nəzərdə tutan bu layihə Cənubi Qafqazda ilk dəfə Azərbaycanda reallaşdırılıb. Qeyri-kommersiya və sosial xarakter daşıyan layihənin əsas məqsədi gəncləri sağlam həyat tərzi, ictimai fəallıq, dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyəsidir. 

Tədbiri giriş sözü ilə açan “IVY GROUP” şirkətinin təsisçisi Tamerlan Vahabov qeyd edib ki, fitzona konsepti dünyanın bütün böyük şəhərlərində uğurla tətbiq olunur: Fitzonalar dünyanın əksər müasir şəhərlərinin tərkib hissələrinə çeviriliblər. Bu gün Nyu-York, London, Sidney, Tokio və başqa şəhərlərdə onlarla fitzonalar fəaliyyət göstərir və bu gündən etibarən qeyd olunan şəhərlər sırasında Bakını və Xəzərin ən qədim limanı olan Bakı Limanının adını sadalaya bilərik.

Bakı Limanının Baş direktoru Taleh Ziyadov aparıcı limanları hər zaman ən son texnoloji yeniliklər, inkişaf və müasir menecment alətlərinin geniş tətbiq olunduğu məkan kimi xarakterizə etdi: “Şəhərin ən gözəl yerlərindən birində sosial layihə olan, brendə çevrilmiş fitzonanın Bakı Limanında fəaliyyətə başlaması bizim üçün sevindirici haldır. Bu gün açılışını etdiyimiz və dənizkənarı bulvarın yanında yerləşən fitzona Bakı şəhərinin sakinləri və qonaqları üçün ən rahat məkan olacaq.”

Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin idmana olan diqqət və qaygısından danışaraq, yeniyetmə  və gənclərin sağlam həyat tərzi üçün, zərərli vərdişlərdən uzaq olmaları üçün  yeni yaradılan fitzonanın əhəmiyyətli olduğunu bildirdi.

Çıxış edən qonaqlar arasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin idarə rəisi, Olimpiya çempionu Fərid Mansurov və Millət Vəkili Adil Əliyev Azərbaycanın idman ölkəsi kimi tanındığını, ölkəmizin bir sıra beynəlxalq idman yarışlarına, o cümlədən I Avropa Oyunlarına, IV İslam Həmrəyliyi oyunlarına ev sahibliyi etdiyini vurğulamış, fitzonanın sağlam həyat tərzi sürən hər kəs üçün əhəmiyyəti qeyd edilmişdir.

Tədbirin açılış mərasimində ölkənin aparıcı idmançıları, ictimaiyyət nümayəndələri, həmçinin "Qəhrəmanların avtomobil yarışı" çempionları iştirak ediblər. Açıq havada keçirilən tədbirdə iştirakçılar Avrasiyanın “Strong Man” çempionlarından master-klass almaq və  “KrosFit” üzrə  birinci dərəcəli mütəxəssislər ilə birgə məşq etmək şansı qazanıblar.

Keçidlər