Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyənin şəhid övladlarının Bakı şəhərinə səfərləri davam edir

21 yanvar 2019 | 16:00

Nəsimi Rayon İcra Hakimiyyəti və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının birgə reallaşdırdığı layihə əsasında Bakı şəhərində  səfərdə olan Türkiyə şəhidlərinin övladları səfər çərçivəsində   rayonda keçirilən  müxtəlif tədbirlərdə iştirak edir, Bakı şəhərinin tarixi yerləri və muzeyləri ilə tanış olurlar.   

Qonaqlar Heydər Əliyev Mərkəzində olaraq Ümumilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə  bağlı geniş məlumatlar  almışlar. Qonaqlara bildirilmişdir ki, müasir Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesi, vətəndaş cəmiyyətinin formalaşması, əsaslı siyasi və iqtisadi islahatların həyata keçirilməsi, ölkəmizin dünyada etibarlı tərəfdaş kimi tanınması Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2006-cı il tarixli, 1886 nömrəli Sərəncamına əsasən yaradılmış  mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, Heydər Əliyev irsinin tədqiqi və təbliği,  elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsi, Azərbaycan tarixi və mədəniyyətinin, Azərbaycan dilinin və digər milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, eləcə də dünya mədəniyyətinin, müxtəlif sivilizasiya nümunələrinin Azərbaycanda tanıdılması, yerli, regional və beynəlxalq konfrans, simpozium və digər tədbirlərin keçirilməsi istiqamətində fəaliyyət göstərir.

Qonaqlar Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olarkən onlara bildirilmişdir ki, muzey 2008-ci ildə Heydər Əliyev Fondu Qala Dövlət Tarix Etnoqrafiya qoruğunun ərazisindəki abidələrin qorunması, Abşeronda aşkar edilən arxeoloji tapıntılar hesabına qoruğun zənginləşdirilməsi məqsədi ilə açıq səma altında Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksini yaradıb.

Kompleksdə Abşeron yarımadasında tapılmış və eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən qayaüstü rəsmlər, Qavaldaş, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları və s. yerləşdirilib.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun “Abşeron” arxeoloji ekspedisiyası 2010-2011-ci illərdə burada qazıntı işləri aparıb. Qazıntılar nəticəsində e.ə. III-II minilliyə, həmçinin XIV-XV əsrlərə aid müxtəlif tapıntılar aşkar edilib. Qala abidə kompleksində Tunc dövrünə aid qayaüstü və qayaaltı yaşayış məskənləri, qayaüstü təsvirlər, qədim özüllər, ibtidai divar qalığı, X-XIV və X-XV əsrlərə aid Xəzər dənizi və Bakı şəhəri istiqamətində iki yeraltı yol, XVIII əsrin yadigarı təndir nümayiş etdirilir. Buradakı qayaların üzərində əsasən insan və heyvan fiqurları, müxtəlif fraqmentlər həkk olunub.

Kompleksə daxil olan X-XIV əsrə aid Qala qəsri qüllədən və istehkamdan ibarətdir. Müşahidə və mühafizə məqsədilə istifadə olunmuş X-XIV əsrə aid qüllənin hündürlüyü 13,8 metrdir. XVI-XVII əsrlərin yadigarı olan istehkamda X-XVI əsrlərə aid qızıl pullar, qızıl qolbaq qalıqları, keramika nümunələri sərgilənir.     Daha sonra qonaqların  Heydər Əliyev Fondunun layihəsi olan Zirə Mədəniyyət Mərkəzi və Eko-Parka ekskursiyası təşkil olunmuşdur. Qonaqlar  Zirə Mədəniyyət Mərkəzinin Qalereya – yaşıllıq ərazisi, Fotostudiya, Art-studiya, Elektron kitabxana, IDEA resurs mərkəzi, Şahmat otağı, Xarici dil kabineti (ingilis, fransız və rus dilləri), Moda studiya, Gimnastika və rəqs zalı, Zirə Xalça Muzeyi və Xalçaçılıq Tədris Mərkəzi ilə yaxından tanış oldular. Onlara Zirə Mədəniyyət Mərkəzinin əməkdaşları tərəfindən Eko Park haqqında məlumatlar verildi.

Daha sonra Eko Parkda ekzotik quşlardan yaradılan Quş parkındakı quşlara qonaqlar böyük maraqla  tamaşa etdilər.

   

Keçidlər