Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı Nəsimi rayonu 1 nömrəli tam orta məktəbdə tədbir keçirilmişdir.

26 fevral 2019 | 16:00

 H.Sarabski adına Mədəniyyət Evinin kollektivinin ifasında 1 nömrəli  tam orta məktəbdə Xocalı soyqırımı ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirildilmişdir.

Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Gülarə Verdiyeva vurğuladı ki, son iki əsrdə erməni millətçi və ekstremist dairələri xarici havadarlarının köməyi ilə Azərbaycan torpaqları hesabına xəyali “böyük Ermənistan” ideyasını reallaşdırmaq məqsədilə Azərbaycana qarşı ardıcıl işğalçılıq siyasəti həyata keçirmiş, bu məkrli məqsədə çatmaq üçün zaman-zaman amansız terror aksiyaları və kütləvi qırğınlar, deportasiya və soyqırım kimi cinayətlər törətmişlər.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-yə məxsus olan, o dövrdə Dağlıq Qarabağın Xankəndi şəhərində yerləşən 366-cı alayın şəxsi heyəti və hərbi texnikasının bilavasitə iştirakı ilə yeddi min nəfərə yaxın adamın yaşadığı Xocalı şəhərinə 5 istiqamətdən hücum etdilər.
Həmin gecə Xocalı şəhəri yerlə-yeksan edildi. Əliyalın dinc mülki əhali kütləvi qətliama məruz qaldı. Uşaqlar, qadınlar, qocalar, xəstələr ağlasığmaz vəhşiliklə məhv edildilər. Erməni millətçiləri XX əsrin sonunda növbəti dəfə tarixi cinayəti —Xocalı soyqırımını törətdilər.

Xocalı soyqırımı nəticəsində 613 nəfər məhv edilmiş, 1000-dən artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst olmuş, 1275 nəfər girov götürülmüşdür. Onlardan 150 nəfərinin taleyi bu gün də məlum deyildir. Bu hərbi-siyasi cinayət nəticəsində 8 ailə tamamilə məhv edilmişdir.

Ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün siyasi-hüquqi qiymətini almış, soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülmüşdür.

Xocalı soyqırımına beynəlxalq miqyasda hələ də hüquqi qiymət verilməmişdir. Şübhəsiz ki, güclü dövləti olan Azərbaycan tezliklə bu ədalətsizliyi dəf edib öz haqqına çatacaq, Xocalı şəhəri azad olunacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, köçkünlər ata-baba yurdlarına dönəcəkdir. 

Keçidlər