Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, qazilərə və iştirakçılara orden və medalların təqdimetmə mərasimi keçirilib.

26 iyun 2021 | 16:00

26 İyun- Silahlı Qüvvələr Günü münasibətilə, Nəsimi rayon İcra Hakimiyyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsi ilə birgə, rayonun Vaqif prospekti və S.Vurğun küçəsinin kəsişməsində yerləşən parkda (R.Zorge parkı), təntənəli tədbir keçirilib. Rayon hüquq-mühafizə orqanları rəhbərlərinin, Rayon Ağsaqqallarının, ictimaiyyət nümayəndələrinin, gənclərin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən  orden və medallarla təltif edilmiş Vətən Müharibəsi şəhidlərinin ailə üzvləri, Vətən Müharibəsi əlilləri və veteranlar iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Bayrağı gətirildikdək sonra tədbirdə əvvəlcə Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin müşaiyəti ilə Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni və hərbi marş səsləndirilib.   

Giriş sözü ilə mərasimi açıq elan edən  rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qeyd etdi ki, Müzəffər ordumuz 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək işğal altında olan torpaqlarımızı  mənfur düşməndən azad etdi.  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu qızıl hərflərlə zəfər tariximizə yeni səhifə yazdı. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayan respublikamız  bütün dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır. Bir daha sübut olundu ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir.

Qeyd olunub ki, Vətən müharibəsi şəhid ailələrinin, əlillərin və iştirakçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlətimiz tərəfindən ardıcıl olaraq sistemli və davamlı tədbirlər həyata keçirilir. Xüsusi vurğulandı ki, rayonumuzda yaşayan şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının hər birinin qayğısı bizim qayğımızdır.

Tədbirdə çıxış edənlər- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinin rəisi Namiq Hüseynov, şəhid atası Valeh Mikayılov və digərləri  çıxışlarında öz canlarını qurban verməklə qələbə sevincini bizlərə yaşadan şəhidlərimizin xatirəsinə dərin hörmət və ehtiramlarını bildirdilər. Bildirildi ki, Vətən müharibəsi şəhidlərinin xatirəsini və adını uca tutmaq, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər bir vətəndaşın borcudur.

Çıxış edən şəhid ailələrinin üzvləri və qazilər dövlət rəhbərliyinin hər zaman diqqət və qayğısını hiss etdiklərini, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirdilər.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən  orden və medallarla təltif olunmuş Vətən Müharibəsi şəhidlərinin ailə üzvləri, Vətən Müharibəsi əlilləri və veteranlarına orden və medallar təqdim olunduqdan sonra, təntənəli mərasim bədii hissə ilə davam etdirildi. 

Keçidlər