Şriftin ölçüsü :

Saytın rəngi :

Mir Cəlal küçəsindəki parkda Həvəskarlar arasında NƏRD yarışı keçirilmişdir

19 avqust 2016 | 16:00

Ahıllara və müharibə veteranlarına  dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən tədbirlərin   təşkil edilib keçirilməsi davam edir. Bu sosial qrupa aid olan Nəsimi rayon sakinləri ilə tez-tez görüşlər təşkil edilib keçirilir, onların istək və təklifləri nəzərə alınır, daxili imkanlar hesabına yardımlar göstərilir. Rayon ərazisində keçirilən bu tədbirlər bir daha ahıl insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu nümayiş etdirir.

Növbəti tədbir Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən  Həvəskarlar arasında nərd yarışı olmuşdur. Bu yarışda Böyük Vətən Müharibəsi və  Qarabağ müharibəsi veteranları iştirak etmişdilər.

Nərd yarışı  rayonun Mir Cəlal küçəsində yeni salınmış parkda təşkil edilmişdir. Mir Cəlal küçəsində 1964-1967-ci illərdə tikilmiş binaların qarşısında yerləşən yararsız halda 3 ha sahədən ibarət park Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən əsaslı təmir olunmuşdur. Mir Cəlal küçəsi boyunca parkların yararsız vəziyyətə düşmüş ərazisi tam təmizlənərək torpaq təbəqəsi yenilənmiş, yaşıllıq zonası salınmışdır. Belə ki, 17000 kv.m qazon, 2500 gül kolu əkilmişdir. Yaşıllıqların qorunub saxlanılması üçün suvarma sistemi çəkilmişdir. Parkın ərazisinə İtaliya istehsalı olan 2600 kv.m döşəmə daşı, 5000 kv.m metlax-kafel, 2200 kv.m aqlay döşənmişdir. Parkda fəvvarələr quraşdırılmış, yeni yaşıl örtüklü 33x16,5m ölçüdə stadion salınmışdır. Stadionda axşam oyunlarının da keçirilməsi üçün xüsusi işıqlandırma sistemi quraşdırılmışdır. Sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi, istirahətləri üçün Türkiyə istehsalı olan 9 seyrangah, 60 ədəd skamya oturacaqları quraşdırılmışdır. Hər iki parkda sakinlərin idmanla məşğul olmaları üçün Türkiyə istehsalı olan idman qurğuları, azyaşlı uşaqlar üçün xüsusi əyləncə avadanlıqlarından ibarət meydançalar salınmışdır. Uşaqların təhlükəsizliyinin təmin edilməsi üçün 600 kv.m uşaq meydançaları yumşaq materiallarla döşənmişdir. 10000 kv.m sahəyə asfalt döşənmişdir. Parkın ərazisi gecə işıqlandırması ilə təmin edilmişdir. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi üçün 2 ictimai iaşə obyekti tikilmişdir.

Sakinlərin asudə vaxtlarının rahat, maraqlı və səmərəli keçirilməsi, istirahət etmələri üçün hər cür şərait yaradılmış parkda  Nəsimi rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi  Əziz Həsənov Nərd yarışının iştirakçılarını  oyunun Əsasnaməsi ilə tanış etmiş və yarışa start vermişdir.

30 nəfər veteranın iştirak etdiyi 2 saat davam edən yarışda veteranlar  Zakir Bayramov I, Mirkamil Orucov II, Mahmud Cəfərov III yerlərə, İsmayıl Fərəcov və Nizaməddin Məsmalıyev isə fərqlənməyə layiq görülmüşlər. Qaliblər Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən Diplomla mükafatlandırılmışlar.

Keçidlər