Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda başlanılmış abadlıq və quruculuq işləri davam etdirilir

06 fevral 2017 | 16:00

Son illər Nəsimi rayonunda genişmiqyaslı abadlıq və quruculuq işlərinə start verilmişdir. Rayonun 4-cü mikrorayon ərazisində 3 ha sahədən artıq ərazini əhatə edən Mir Cəlal küçəsi boyunca yeni park salınmış, Asif Məhərrəmov küçəsindəki mövcud 1 ha-ya yaxın park əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilmişdir.

Eyni zamanda rayonun ayrı-ayrı ərazilərində genişmiqyaslı yaşıllıq işləri aparılmış, yeni yaşıllıq zolaqları salınmışdır.

Hal-hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  tapşırığı ilə rayonun 1-ci mikrorayon ərazisində yerləşən uzun illər təmir olunmayan parkın əsaslı təmirinə başlanılmışdır. Park 1 ha  ərazidən ibarətdir. Sakinlərin istirahəti üçün heç bir şərait yoxdur. Bütün bunları nəzərə alaraq carı ilin may ayının birinci ongünlüyünədək parkın əsaslı təmir  olunaraq sakinlərin istifadəsinə verilməsi üçün işlərə başlanılmışdır.

Yenidənqurma işləri zamanı parkda uşaq əyləncə kompleksinin, ahılların istirahəti üçün guşənin, əhalinin istirahəti üçün iaşə mərkəzinin, oturacaq və söhbətgahların quraşdırılması  nəzərdə tutulmuşdur. Parkda genişmiqyaslı yaşıllaşdırma işləri aparılacaq, müasir tələblərə cavab verən gecə işıqlandırılması sistemləri quraşdırılacaqdır. Məqsəd rayon sakinlərinin asudə vaxtlarının səmərəli keçirilməsi üçün müvafiq şəraitin yaradılmasından ibarətdir.

Eyni zamanda Heydər Əliyev Fondunun dəstəyi ilə “Qərənfil” körpələr evi- uşaq bağçasının əsaslı təmirinə başlanılmışdır.1968-ci ildə inşa edilmiş bağçanın ümumi torpaq sahəsi 1.5ha-dır,  3 korpuslu, iki mərtəbəli, 225 yerlikdir. Bağça  12 qrup və 9 köməkçi otaqdan ibarətdir. 12 qrupda 225 usaq tərbiyyə alır, ümumilikdə 54 nəfər işləyir. Əsaslı təmir işləri zamanı körpələr evi-uşaq bağçasında bir sıra yenidənqurma işlərinin aparılması nəzərdə tutulmuşdur. Bağçanın fasadı, dam örtüyü yenidən qurulacaqdır. Bağçanın girişi qranit örtüklə, dəhlizlər PVS materialla döşənəcəkdir. Otaqlar əsaslı təmir olunaraq uşaqların zövqünə uyğun divar kağızları ilə örtüləcəkdir. Bütün avadanlıqlar yenisi ilə əvəz olunacaqdır. Bağçanın həyətində yenidənqurma isləri aparılaraq hasarlar yenilənəcək, müasir uşaq əyləncə  qurğuları və avadanlıqları, 8 ədəd söhbətgah qurulacaqdır. Bağçanın ərazisində digər abadlıq işləri aparılacaqdır. Nəzərdə tutulan işlərin aparılmasında müasir inşaat materiallardan istifadə ediləcəkdir.

Keçidlər