Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə müşavirə keçirilib

09 mart 2017 | 16:00

Bakı, 9 mart, AZƏRTAC

Martın 9-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva müşavirədə çıxış etdi.

Birinci vitse-prezident Mehriban Əliyevanın

çıxışı

-Hörmətli müşavirə iştirakçıları.

Sizin hər birinizi salamlayıram. Bugünkü görüşümüz qaçqınların və məcburi köçkünlərin probleminin həllinə həsr olunub.

Doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın üzləşdiyi ağır problemlərin həlli artıq 20 ildən çoxdur ki, Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Cənab İlham Əliyevin Prezident kimi imzaladığı ilk sərəncamlarından biri 2004-cü ildə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı ilə bağlı olmuşdur. 2007-ci və 2011-ci illərdə həmin proqrama əlavələr təsdiqlənmişdir. Dövlət Proqramına uyğun olaraq, qaçqın və məcburi köçkün soydaşlarımızın sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təminatına uyğun olan lazımi tədbirlər mərhələlərlə həyata keçirilir.

Bildiyiniz kimi, bölgələrdə məcburi köçkünlər üçün 100-ə yaxın müasir yaşayış kompleksi salınmış, 250 min köçkün yeni mənzillə təmin olunmuşdur. Salınan müasir qəsəbələrdə 150 məktəb, 60 tibb mərkəzi və uşaq bağçası inşa olunmuşdur.

Soydaşlarımızın işlə təmin olunması istiqamətində də lazımi addımlar atılmışdır. Son 13 ildə 400 min qaçqın və məcburi köçkün işlə təmin olunmuşdur. Ölkə ərazisindəki bütün çadır düşərgələri artıq ləğv olunub və orada məskunlaşan məcburi köçkün ailələri yeni salınmış qəsəbələrə köçürülmüşdür. Dövlət Proqramında bu istiqamətdə həyata keçirilən tədbirlərin icrası üçün bütövlükdə 6 milyard manatdan çox vəsait ayrılmışdır. Dünyanın bir sıra aparıcı beynəlxalq təşkilatları, o cümlədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycanda qaçqınlara və məcburi köçkünlərə göstərilən qayğını çox yüksək qiymətləndirir və bir çox hallarda ölkəmizi bu sahədə nümunəvi ölkə adlandırırlar.

Görülən işlərlə yanaşı, hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda kifayət qədər çox məcburi köçkün ailəsi yaşayır. Prezidentin göstərişi ilə hər il Dövlət Neft Fondundan yeni qəsəbələrin salınması üçün vəsait ayrılır. Bu il də bu məqsədlərə vəsait ayrılıb. Lakin bu sahədə işlərin sürətləndirilməsi üçün əlavə və təxirəsalınmaz addımlar atılmalıdır. Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün köçkün ailələri tezliklə yeni mənzillərə köçürülməlidir. Bu məqsədlə əlavə vəsait ayrılmalıdır, binaların inşası üçün ərazi müəyyənləşdirilməlidir və tezliklə binaların inşası başlamalıdır.

Bununla yanaşı, Bakı və Sumqayıt şəhərlərində tikilmiş yeni binalarda köçkün ailələrini yerləşdirmək üçün mənzillər alınmalıdır. Qarşımızda duran məqsəd qəzalı binalarda yaşayan bütün köçkünləri bu il və gələn il ərzində yeni mənzillərlə təmin etməkdir. İndi sizin diqqətinizə bu sahədə görülən işlər barədə qısa bir təqdimat çatdırırıq.

X X X

Müşavirədə indiyə qədər qaçqın və məcburi köçkünlərlə bağlı görülən işlər barədə qısa təqdimat oldu. Təqdimatdan da göründüyü kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan iqtisadiyyatına 800 milyard dollardan çox ziyan dəyib. Ümummilli lider Heydər Əliyevin apardığı siyasət nəticəsində münaqişə haqqında həqiqətlər dünya ictimaiyyətinə çatdırılıb. Məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirən Prezident İlham Əliyev tərəfindən 2003-2017-ci illərdə 55 fərman və sərəncam verilib. 2001-2016-cı illərdə 95 qəsəbə salınıb, 151 məktəb, 58 mədəniyyət müəssisəsi, 59 səhiyyə ocağı və digər infrastruktur obyektləri tikilib. Məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 12 faizə enib.

X X X

Birinci vitse-prezident Mehriban ƏLİYEVA dedi:

-Gördüyümüz bu təqdimat bir daha sübut edir ki, qaçqınlara və məcburi köçkünlərə qayğı Azərbaycan dövlətinin fəaliyyətinin ən prioritet istiqamətlərindən biridir. Müstəqilliyimiz bərpa olunandan sonra ən ağır dövrlərdə, ölkəmizin inkişafının bütün mərhələlərində bu sahəyə dövlət tərəfindən böyük qayğı göstərilib. Amma, eyni zamanda, əfsuslar olsun ki, bu sahədə hələ də problemlər var. Ona görə bizim qarşımızda məqsəd durur ki, çox qısa zamanda bu problemləri aradan qaldıraq və yararsız vəziyyətdə olan bütün təhlükəli binalarda yaşayan soydaşlarımızı yeni mənzillərlə təmin edək.

X X X

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli HƏSƏNOV çıxış edərək dedi:

-Çox hörmətli xanım Birinci vitse-prezident.

Hörmətli müşavirə iştirakçıları.

Əvvəlcə, icazə verin, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin Sərəncamına əsasən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməyiniz münasibətilə bütün qaçqın və məcburi köçkünlərin bu Sərəncama dəstək duyğularını, xoş məramlarını böyük məmnuniyyətlə Sizə çatdırım. Onların adından və öz adımdan Sizi səmimi qəlbdən təbrik edirəm.

Hesab edirik ki, istər ölkə, istərsə də beynəlxalq ictimaiyyət tərəfindən məmnunluqla qarşılanan bu təyinat ən uğurlu, ən ədalətli, alternativsiz tarixi qərardır.

İlk müşavirəni məcburi köçkünlərin sosial problemlərinə həsr etdiyiniz üçün bütün qaçqın və məcburi köçkünlərin dərin hörmət və ehtiramını Sizə yetirirəm. Azərbaycan xalqı kimi, bütün qaçqın və məcburi köçkünlər də tam əmindirlər ki, digər sahələrdə dünyəvi uğurlara nail olduğunuz kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemindən əziyyət çəkən insanlara da öz layiqli töhfənizi verəcəksiniz.

Ölkənin ən həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərlə bağlı ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilən hərtərəfli dövlət siyasəti, müvafiq dövlət proqramlarının qəbulu və onların icrası nəticəsində əldə olunan bəzi məsələləri və mövcud problemləri diqqətinizə çatdırmaq istərdim.

Münaqişə ilə üzləşən digər ölkələrdən fərqli olaraq, Azərbaycanda problemin vahid mərkəzdən, sistemli şəkildə idarə olunması mexanizmi işlənib həyata keçirilir. Bu gün dünyada qaçqın və məcburi köçkün probleminin dövlət tərəfindən idarə olunmasından söz düşəndə, ilk növbədə, Azərbaycan nümunə göstərilir. Azərbaycanın BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin üzvü seçilməsi də bunun əyani ifadəsidir.

Ötən müddətdə problemin əsl mahiyyətinin dünyaya çatdırılması məqsədi ilə iki beynəlxalq konfrans və iki geniş müşavirə keçirilib. Sahə ilə bağlı iki Dövlət Proqramı və ona iki əlavə təsdiq edilib. Dövlət Neft Fondunun vəsaiti hesabına müasir standartlara cavab verən, 3,2 milyon kvadratmetr sahəsi olan 95 yaşayış kompleksi tikilib, 50 min ailə və ya 250 min nəfərdən çox qaçqın və məcburi köçkün yeni mənzillərlə təmin olunub. Bu da iki Mingəçevir şəhəri deməkdir. Həmin qəsəbələrin 3,2 milyon kvadratmetr mənzil fondu Komitənin balansındadır və Komitə tərəfindən xidmət göstərilir.

Yeni yaşayış məntəqələrində bütün texniki infrastrukturla yanaşı, 150 məktəb, 58 mədəniyyət mərkəzi, 59 uşaq bağçası, 58 tibb məntəqəsi, 2 olimpiya idman kompleksi və min kilometrlərlə yol, su, qaz, elektrik xətləri çəkilib.

Bakı şəhərində və Abşeron rayonu ərazisində 3 qəsəbə, 9 məhəllə salınıb, 6500 ailə, 29 min nəfər yeni mənzillərə köçürülüb. Heydər Əliyev Fondunun bilavasitə təşəbbüsü və dəstəyi ilə Xırdalan şəhərində 600 məcburi köçkün üçün yeni yaşayış binası inşa edilib.

Ölkəmizdə olan 12 çadır düşərgəsinin və dəmir yolu üzərindəki yük vaqonlarından ibarət qəsəbələrin ləğvi 2007-ci ildə, 16 fin tipli qəsəbənin ləğvi 2016-cı ildə başa çatdırılıb və məcburi köçkün ailələrinin yeni salınmış qəsəbələrə köçürülməsi təmin edilib.

Son 13 ildə məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 4 dəfə, kommunal xidmətlərə görə vəsaitin miqdarı 4,5 dəfə artırılıb.

Komitə tərəfindən məcburi köçkünlərə sosial müavinət və kommunal xidmət xərclərinə görə ödənişlərin təkmilləşdirilməsi, vahid elektron hökumət portalının yaradılması nəticəsində son 5 ildə, statusları saxlanılmaqla, bəzi təmin olunmuş məcburi köçkünlərə imtiyazların tətbiqi dayandırılıb. 2010-cu illə müqayisədə aylıq yemək xərci müavinəti alan məcburi köçkünlərin sayı 34 min nəfərədək azaldılıb. Yəni, söhbət təmin olunmuşlardan gedir.

Dünyada maliyyə problemlərinin hökm sürdüyü bir zamanda, Prezidentin tapşırığına əsasən, 2016-cı ildə Dünya Bankı ilə məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, gəlir imkanlarının dəstəklənməsi komponentlərini özündə əks etdirən 78,5 milyon ABŞ dolları dəyərində yeni Saziş imzalanıb. Məcburi köçkünlərin məşğulluğunun artırılması məqsədi ilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2 min nəfər məcburi köçkün sahibkara 40 milyon manat güzəştli kredit verilib, 3600 yeni iş yeri yaradılıb.

Münaqişənin davam etdiyi bir dövrdə hərbi vətənpərvərlik tərbiyəsi xüsusi önəm kəsb edir. Üç il əvvəl apardığımız təhlil nəticəsində müəyyən olundu ki, əraziləri işğal edilmiş rayonlardan ali hərbi məktəblərdə cəmi 30 nəfər təhsil alır. Prezidentə mövcud vəziyyət məruzə olundu və tapşırığına əsasən həyata keçirilmiş tədbirlər nəticəsində bu gün bu rəqəm 10 dəfə artaraq 300 nəfərə çatıb.

Orta məktəb məzunları arasında ali məktəblərə qəbul da ilbəil artır. Təkcə keçən il orta təhsili başa vuran və sənəd verən məcburi köçkünlərdən 3600 nəfəri, yaxud 35 faizi tələbə adını qazanıb. Bu da ümumrespublika göstəricisi ilə müqayisədə yaxşı nəticədir.

Həyata keçirilmiş tədbirlər nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi son 13 ildə 75 faizdən 12 faizədək azalıb. 2016-cı ildə hər bir məcburi köçkünə 750 manat vəsait sərf olunub ki, bu da münaqişə ilə üzləşən digər ölkələrlə müqayisədə xeyli çoxdur.

Ümumilikdə, qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə 6,2 milyard manatdan çox vəsait sərf olunub. Ondan 2,8 milyard manatı dövlət büdcəsinin, 2 milyard manatı Dövlət Neft Fondunun, 1,4 milyard manatı isə beynəlxalq maliyyə qurumları və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir.

Görülmüş bütün işlərin və sərf olunmuş vəsaitlərin 90 faizi Prezidentin son 13 ildəki prezidentlik fəaliyyəti dövründə icra edilib.

Hörmətli Mehriban xanım.

Görülən işlərlə bərabər, mövcud problemlər barədə də məlumat vermək istərdim.

Hazırda respublika üzrə 80 min ailə və ya 340 min məcburi köçkünün mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac var.

Hazırda respublika üzrə 636 min məcburi köçkündən 217 min nəfəri, yaxud bütün məcburi köçkünlərin 35 faizi Bakı şəhərində müvəqqəti məskunlaşıb. Paytaxtımızda kompakt məskunlaşma obyektlərində 41 min ailə, o cümlədən 14 min ailə yataqxanalarda, 5 min ailə ictimai binalarda, 4 min ailə sanatoriya, pansionat, turbazalarda, daha 4 min ailə tikintisi yarımçıq binalarda, 2 min ailə təhsil müəssisələri və uşaq bağçalarında yaşayır. Bura texniki peşə məktəbləri də daxildir.

Həmçinin istismar müddətini başa vurduğundan tam yararsız, qəzalı vəziyyətə düşmüş 117 obyektdə 8 min ailə və ya 35 min nəfər məcburi köçkün yaşayır. Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış müayinə və tərtib olunmuş arayışlarda həmin obyektlərdən 44-də təxirəsalınmaz tədbirlərin görülməsinin və orada yaşayan 4 min ailənin, 16 min məcburi köçkünün köçürülməsinin zəruriliyi bildirilib.

Respublika üzrə 4000 ailə və ya 18 min məcburi köçkün uzun illər yerli sakinlərə məxsus mənzillərdə yaşayır. Ağır şəraitdə yaşayan məcburi köçkün ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə bəzi tədbirlər görülür. Bu il Tərtər rayonunda 1170 ailəlik qəsəbə tikilir. Bakı şəhəri və ətraf ərazilərdə mövcud qəsəbələrdəki boş torpaq sahələrində 260 ailəlik 4 yaşayış binasının tikintisi üçün maliyyə məsələləri həll olunub, inşaat işlərinə başlanılıb və oraya 2 qəzalı binada yaşayan məcburi köçkünlərin köçürülməsi təmin olunacaq.

Bakı şəhərində və ətraf qəsəbələrdə - Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi yaxınlığında 800, Pirallahı rayonu ərazisində 330, habelə Sumqayıt şəhərində 2900 məcburi köçkün ailəsindən birinci mərhələdə 1000 ailə üçün yeni yaşayış komplekslərinin tikintisi məqsədilə müvafiq torpaq sahələri ayrılıb və layihələndirmə işləri həyata keçirilir. Təbii ki, bunlar kifayət deyil.

Son 13 ildə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində 380 min əmək qabiliyyətli məcburi köçkündən 200 min nəfəri büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə təmin olunsa da, hələ 161 min nəfərin daimi işlə təmin edilməsinə ehtiyac var. Mövsümi işlərlə birlikdə 400 min nəfərə qədər işlə təmin olunub.

Bu məqsədlə məcburi köçkünlər üçün yeni salınmış qəsəbələrdə yeni iş yerlərinin yaradılması, kənd təsərrüfatı məhsullarının, meyvə-tərəvəzin ilkin emalı, meyvə şirələrinin istehsalı, kiçik sexlərin yaradılması, yun tədarükü, satışı müəssisələrinin təşkil olunması, üzümçülük, toxuculuq, heyvandarlığın inkişafına diqqətin artırılması prioritet məsələ olaraq qalır.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi nəzərdə tutulur.

Böyük Qayıdışın başlanğıcı hesab edilən Cocuq Mərcanlı kəndinin ərazisinin minalardan təmizlənməsi işləri başa çatdırılıb. Kəndin bərpası ilə bağlı layihələndirmə işləri yekunlaşıb, yaşayış evlərinin, orta məktəb binasının tikintisinə başlanılıb. Eyni zamanda, Cocuq Mərcanlı kəndinə gedən, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolunun tikintisi həyata keçirilir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun nəticəsində ölkəmizdə yaranmış 1 milyondan çox qaçqın və məcburi köçkün probleminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Heydər Əliyev Fondunun, hörmətli Mehriban xanım, şəxsən Sizin gördüyünüz işlər əvəzolunmazdır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərlik etdiyi “Xocalıya ədalət!” kampaniyasının problemin beynəlxalq ictimaiyyətə çatdırılması, çoxsaylı ölkələr tərəfindən Xocalı soyqırımı barədə qətnamələrin qəbul edilməsi istiqamətində fəaliyyəti bu faciə barədə son 25 ildə görülən işlərdən qat-qat çoxdur.

Hörmətli Mehriban xanım.

Azərbaycan Prezidenti İlham Əliyevin və şəxsən Sizin həyata keçirdiyiniz tədbirlər nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyulacaq, bütün məcburi köçkünlər doğma ata-baba yurdlarına ləyaqətlə qayıdacaqlar.

Sizi tam əmin edirəm ki, bu sahədə qəbul edilmiş bütün fərman və sərəncamlar, qərarlar, verilən tapşırıqlar bundan sonra da vaxtında və keyfiyyətlə icra ediləcək.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala ABUTALIBOV çıxış edərək dedi:

-Azərbaycan Respublikasının Birinci vitse–prezidenti hörmətli Mehriban xanım Əliyeva.

Hörmətli toplantı iştirakçıları.

Torpaqlarımızın düşmən təcavüzü nəticəsində işğal edilməsi səbəbindən doğma yurd-yuvalarından məcburi köçkün vəziyyətinə düşərək müvəqqəti olaraq Bakı şəhərində məskunlaşmış bacı və qardaşlarımızın vəziyyəti, onların yaşayış şəraitinin yaxşılaşdırılması yollarının müəyyən edilməsi ilə əlaqədar keçirdiyiniz bu müşavirəyə görə Sizə dərin təşəkkürümü bildirirəm.

Məlumat üçün bildirmək istəyirəm ki, torpaqlarımızın işğalı nəticəsində öz doğma yurd-yuvasından didərgin düşərək paytaxta pənah gətirmiş və Bakı şəhərində məcburi köçkün statusunda məskunlaşmış soydaşlarımızın sayı qeydiyyatda olanlar və olmayanlarla birlikdə 217 min 118 nəfərdir. Onlar uşaq bağçalarında, təhsil müəssisələrində, yataqxanalarda, sanatoriya və digər sosial obyektlərdə, vaqonlarda, 1992-ci illərdə tikintisi tamamlanmamış, istismara qəbul olunmamış, hətta tikintisi başa çataraq istismara verilmiş və Bakı sakinlərinə orderləri paylanmış binalarda yerləşmişlər. Bütün bunlar isə paytaxtda müəyyən infrastruktur çətinliklərinin yaranmasına səbəb olur. Xüsusi olaraq vurğulamaq istərdim ki, Bakı şəhəri ərazisində təhsil və təlim-tərbiyə müəssisələrində məskunlaşmış məcburi köçkünlərin sayı 8666 nəfərdir ki, onların da 3345 nəfəri uşaq bağçalarında yerləşmişlər. Əgər onların hazır mənzillərə köçürülməsi təmin edilərsə, yaranan əlavə yerlər hesabına 8320 uşağın bağçaya qəbulunu təmin etmək mümkün olar. Hazırda Bakı şəhərində 37 min 462 uşaq bağçada təlim-tərbiyə alır ki, bu da ümumi tələbatın 34, 64 faizinin ödənilməsi deməkdir. Xatırladım ki, 2012-ci ildə Sizin təşəbbüsünüzlə uşaq bağçaları Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilərkən bu rəqəm yalnız 18 faiz idi.

Son illər həyata keçirilən uğurlu islahatlar nəticəsində ölkəmizdə bütün sahələrdə nəzərəçarpacaq irəliləyişlər müşahidə olunmaqdadır. Respublikamızda neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində həyata keçirilən davamlı inkişaf konsepsiyası geniş vüsət alaraq, öz ilkin məntiqi nəticələrini büruzə verməkdədir. Belə ki, neft gəlirlərindən səmərəli istifadəni təmin etmək məqsədilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı, o cümlədən sosial infrastruktur obyektlərinin yenidən qurulması və əsaslı təmiri sahəsində mühüm addımlar atılıb, hazırkı və gələcək nəsillərin müasir standartlara uyğun təlim-tərbiyəsinin, təhsilinin və digər sosial-mədəni xidmətlərin göstərilməsinin təmin edilməsi, onların sağlamlığının qorunması və sağlam təbii mühitdə yaşamaları üçün əlverişli şərait yaradılıb. Bu sahədə tədbirlər dövlətimizin sosial siyasətinin ana xəttini təşkil edir və son illər “Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın tədbirlər planı, həmçinin şəxsən Sizin, Mehriban xanım, rəhbərlik etdiyiniz Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən layihələr çərçivəsində Bakı şəhərində mövcud olan uşaq bağçalarının və uşaq evlərinin böyük əksəriyyətində əsaslı təmir və yenidənqurma işləri görülüb. Eyni zamanda, Sizin birbaşa nəzarətiniz, diqqətiniz, qayğınız, köməyiniz nəticəsində və Heydər Əliyev Fondu tərəfindən tikilmiş uşaq bağçalarında və həmçinin Bakı şəhərində yerləşən dövlətə məxsus bütün digər məktəbəqədər tərbiyə müəssisələrində, uşaq evlərində təlim-tərbiyə alan uşaqların standartlara uyğun qidalandırılması məqsədilə müəssisələrin yüksəkkeyfiyyətli və bol çeşidli ərzaq məhsulları ilə təchizatı təmin edilib. Bağçaların və uşaq evlərinin zəruri avadanlıqlar və mal-materiallar, maddi-texniki vasitələrlə təminatında gözəçarpacaq irəliləyişlər əldə olunub, müəssisələrin idarə edilməsi mexanizminin təkmilləşdirilməsi ilə bağlı bir sıra islahatlar həyata keçirilib.

Həmçinin hazırda Bakı şəhərində Heydər Əliyev Fondu tərəfindən yeni tikilmiş 3 tədris korpusu və dövlət tərəfindən həyata keçirilmiş əsaslı təmir və yenidənqurma işləri sayəsində 67 məktəbəqədər təhsil müəssisəsinin yeni tikilmiş bağçalar və tədris korpusları daxil olmaqla fəaliyyətə başlaması üçün standartlara uyğun lazımi şərait yaradılıb. Lakin hələlik maliyyə vəsaitinin ayrılmaması ilə əlaqədar olaraq yeni tikilmiş bağçaların və tədris korpuslarının, eləcə də 8320 uşaq qəbul edəcək qrupların fəaliyyətə başlaması mümkün olmayıb. Əgər hazırda təmir edilmiş uşaq bağçalarındakı boş qrupları və köçürüləcək məcburi köçkünlər hesabına yaranmış boş yerləri nəzərə alsaq, bu gün uşaq bağçalarına əlavə 11 min 570 uşaq qəbul oluna bilər. Bu isə bağça yaşına çatan uşaqların 45,4 faizi deməkdir. Bununla belə, hazırda yeni inşa edilmiş, eləcə də son illərdə əsaslı təmir və yenidənqurma işləri aparılmış məktəbəqədər təhsil müəssisələrində və tədris korpuslarında standartlara tam cavab verən və lazımi şəraiti olan qruplarda tədris və təlim-tərbiyə prosesində heç bir maneçilik törətmədən 20 əvəzinə 25 uşağın təlim-tərbiyəsi üçün tam imkanlar yaradılıb.

Möhtərəm Mehriban xanım, Sizin dəstəyinizlə Heydər Əliyev Fondu və dövlət tərəfindən tikilmiş, yüksək səviyyədə təmir olunmuş, genişləndirilmiş və hər cür imkanlara malik uşaq bağçalarında qrupları genişləndirməklə, əlavə olaraq 9915 uşağın təlim-tərbiyə almasına qəbuluna şərait yaratmış olarıq ki, bu da ümumi tələbatın 49,5 faizini ödəyə bilər. Əgər məcburi köçkünlərin köçürülməsi hesabına boşalmış yerləri də 25 nəfərlik qruplar standartına uyğunlaşdırsaq, hazırkı tələbat 34,64 faiz əvəzinə 55,3 faizi təmin olunar. Çox da böyük əlavə vəsait sərf olunmadan qənaət hesabına məsələnin bu yolla həlli həm də bağçalarda qayda-qanunun daha yüksək səviyyəyə çatdırılması, eyni zamanda, məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində irəliləyişə nail olunması deməkdir.

Aparılmış təhlillər nəticəsində məlum olub ki, Bakı şəhərində mövcud dövlət məktəbəqədər təhsil müəssisələrində qruplar üzrə uşaq sıxlığı normalarının 5 nəfər həddinə qaldırılması, o cümlədən yeni inşa edilmiş uşaq bağçalarının və tədris korpuslarının, eləcə də məktəbəqədər təhsil müəssisələrində həyata keçirilmiş əsaslı təmir və yenidənqurma işləri ilə bağlı standartlara uyğun tam şərait yaradılmış əlavə qrupların fəaliyyətə başlaması nəticəsində təxmini hesablamalara görə, Bakı şəhərində məktəbəqədər təhsil müəssisələrinə əlavə 18 min nəfərə yaxın uşağın qəbul edilməsi mümkün olacaq. Bu isə, öz növbəsində, mövcud problemin operativ və effektiv həllinə imkan yaratmaqla yanaşı, bağçalarda təlim-tərbiyə alan uşaqların gündə dörd dəfə yüksəkkeyfiyyətli yeməklə təmin edilməsinə, Bakı şəhərində yaşayan 18 min aztəminatlı ailənin sosial vəziyyətinin yaxşılaşmasına səbəb olacaq. Eyni zamanda, məsələnin bu formada həlli dövlət tərəfindən əlavə olaraq 141 uşaq bağçasının tikilməsi və yaxud 210 milyon manat dövlət vəsaitinə qənaət olunması deməkdir.

Qeyd edilənləri və Bakı şəhərində vətəndaşların məktəbəqədər təhsil müəssisələrinin xidmətlərinə duyulan zəruri ehtiyacları nəzərə alaraq, gələcəyimiz olan uşaqların intellektual və fiziki inkişafını, onların zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etmək üçün Bakı şəhərində uşaqların məktəbəqədər təhsil müəssisələrinə cəlb olunmasının sürətləndirilməsi məqsədilə əlavə qrupların fəaliyyətə başlamasına kömək göstərməyinizi Sizdən xahiş edirik.

Ölkəmizin və vətəndaşlarımızın sosial rifahi naminə göstərdiyiniz səylərə və fədakar əməyinizə görə Sizə - yüksək mədəniyyət və dərin zəka sahibi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanıma bir daha dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirir, çətin və şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Birinci vitse-prezident Mehriban Əliyeva: Çox sağ olun Hacıbala müəllim. Siz qeyd etdiniz ki, Bakı şəhəri üzrə 217 min 118 nəfər qaçqın və məcburi köçkün məskunlaşıb.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov: Qeydiyyatda olanlar 195 min 118 nəfər, qeydiyyatda olmayanlar 22 min nəfərdir - bir yerdə 217 min 118 nəfər.

Birinci vitse-prezident Mehriban Əliyeva: Dediniz ki, onlardan 8666-sı məktəb və uşaq bağçalarında yerləşib. Bu gün neçə ailə, neçə məcburi köçkün ən qəzalı, ən təhlükəli binalarda yaşayır?

Baş nazirin müavini Əli Həsənov: Bakı şəhəri üzrə qəzalı vəziyyətdə olan 117 binada 7870 ailə məskunlaşıb. Sumqayıt şəhərində qəzalı vəziyyətdə olan 5 binada isə 354 ailə yaşayır. Fövqəladə Hallar Nazirliyinin rəyinə əsasən respublika üzrə 52 bina qəzalı vəziyyətdədir. Onlardan 44-ü Bakı şəhərindədir və burada 4 min ailə məskunlaşıb. Yəni, 44 bina və 4 min ailə hər an təhlükə ilə üzləşə bilər. Vəziyyət belədir.

Birinci vitse-prezident Mehriban Əliyeva: Bu rəqəm 4 min köçkün ailəsi barədədir?

Baş nazirin müavini Əli Həsənov: Bəli, 4 min ailə, 16 min nəfər. Biz onları da növbəyə salmışıq. İlk növbədə nəzərə almışıq ki, hansılar dözülməz vəziyyətdədir. Bu siyahını Fonda təqdim etmişik.

Birinci vitse-prezident Mehriban Əliyeva: Təşəkkür edirəm.

Baş nazirin müavini Əli Həsənov: Sağ olun.

X X X

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir FƏRƏCOV çıxış edərək dedi:

-Çox hörmətli Birinci vitse-prezident Mehriban xanım.

İcazə verin, Sizi sumqayıtlılar adından ölkənin Birinci vitse-prezidenti təyin olunmağınız münasibətilə ürəkdən təbrik edim, Sizə cansağlığı və işlərinizdə uğurlar arzulayım.

Hörmətli Mehriban xanım, milli mədəniyyətimizin, mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətə sağlam dəyərlərin aşılanmasında Sizin müstəsna xidmətləriniz var.

Heydər Əliyev Fonduna rəhbərlik etdiyiniz, Milli Məclisə deputat seçildiyiniz vaxtdan ölkə həyatının elə bir sahəsi olmayıb ki, burada olan problemli məsələlər diqqətinizdən kənarda qalsın. Sizin rəhbərliyinizlə həyata keçirilən layihələr təhsil, səhiyyə, mədəniyyət və sosial sferaları, ekologiya, idman və sair sahələri əhatə edir. Bütün imkan və bacarığınız insanların rifahı naminə humanitar proqramların reallaşmasına, Azərbaycanın dünyada sivil ölkə kimi tanınmasına yönəldilib. Heydər Əliyev Fondunun rəhbəri kimi, köməyə ehtiyacı olan insanlara hər an yardım etməyə hazır olan doğma insan kimi özünüzü cəmiyyətə sevdirə bilmisiniz.

Hörmətli Mehriban xanım, hər bir sumqayıtlı yaxşı bilir ki, şəhərimizin sosial-iqtisadi inkişafında, əhalinin yaşayışının, güzəranının yaxşılaşdırılmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri var. Azərbaycana rəhbərliyi dövründə 16 dəfə şəhərimizdə olmuş Ulu Öndərin xeyir-duası ilə iri sənaye müəssisələri, elm, təhsil, mədəniyyət, səhiyyə və digər sosial obyektlər istifadəyə verilib, yeni yaşayış məhəllələri və mikrorayonları salınıb. Sumqayıtın müasir bir şəhər kimi formalaşması və inkişafı məhz Ulu Öndərin adı ilə bağlıdır.

Böyük razılıq hissi ilə bildirmək istəyirəm ki, Ulu Öndərimizin şəhərimizə olan bu münasibəti bu gün cənab Prezidentimiz İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Cənab Prezident Sumqayıtın əvvəlki şöhrətinin özünə qaytarılmasında və sosial problemlərin həllində bizə yüksək qayğı göstərir.

Qədirbilən Sumqayıt sakinləri yaxşı dərk edirlər ki, şəhərdə gedən quruculuq prosesləri məhz cənab Prezidentin köməyi sayəsində həyata keçirilir. Ölkə başçısının rəhbərliyi ilə müstəqil Azərbaycanımızın bütün bölgələri kimi, Sumqayıt şəhəri də bu gün öz dinamik inkişaf dövrünü yaşayır və görülən tədbirlər nəticəsində şəhərimizin həyatı yüksək dərəcədə canlanır.

Hörmətli Mehriban xanım, bu gün müzakirə olunan məsələ ən aktual problemlərdən birinə - doğma yurdlarını, el-obalarını məcburi tərk etmiş insanların sosial yaşayış şəraitinin yaxşılaşdırılmasına həsr olunub.

Məlum hadisələr nəticəsində Sumqayıt şəhərində respublikamızın 10 şəhər və rayonundan 13 min 330 ailə, 52 min 176 məcburi köçkün müvəqqəti olaraq məskunlaşıb. Ağdam rayonundan 3225, Qubadlı rayonundan 22 min 273, Kəlbəcər rayonundan 507, Laçın rayonundan 5962, Zəngilan rayonundan 5144, Füzuli rayonundan 7165, Xocalı şəhərindən 463, Xocavənd rayonundan 483, Cəbrayıl rayonundan 5913, Şuşa şəhərindən 763 məcburi köçkün yaşayır. Hazırda məcburi köçkünlər aşağıdakı sosial və digər obyektlərdə məskunlaşıblar:

- ictimai binalarda - 2697 nəfər;

- yataqxanalarda - 4688 nəfər;

- təhsil müəssisələri və uşaq bağçalarında - 5292 nəfər;

- hərbi hissələrə məxsus binalarda - 1655 nəfər;

- qohum evində - 1270 nəfər;

- tikintisi yarımçıq binalarda - 1334 nəfər;

- sanatoriya, pansionat və istirahət evlərində - 3687 nəfər;

- digər vətəndaşlara məxsus mənzillərdə - 3514 nəfər;

- şəhərətrafı ərazilərdə tikilmiş gecəqondularda – 28 min 39 nəfər.

Məcburi köçkünlərin məskunlaşdığı sosial və digər obyektlər, yataqxanaların əksəriyyəti sanitar norma və tələblərə cavab vermir. Ən adi məişət şəraiti belə mövcud deyil. Hazırda köçkünlərin yaşadığı on beş yataqxana binası qəzalı vəziyyətdədir.

Məktəblərdə əlavə sinif otaqlarına və şəhərdə uşaq bağçalarına tələbat 25 faiz ödənildiyi üçün yenilərinin tikintisinə böyük ehtiyac olduğu halda, əksər məktəblərdə və 56 uşaq bağçasının 50-də məcburi köçkünlər yerləşdirilib.

Bütün bunlarla yanaşı, şəhərdə məskunlaşmış məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə yeni şəhərciyin salınması məqsədəuyğun olardı. Sumqayıt şəhərində hazırda torpaq sahəsinin məhdudluğu nəzərə alınaraq, bu məqsəd üçün iki variant təklif edilib. Birinci variant Sumqayıt stansiyası yaşayış massivinin yaxınlığında məcburi köçkünlərin yerləşdirilməsi üçün ayrılmış 200 hektar torpaq sahəsində hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikilməsidir. Artıq həmin 200 hektardan 50 hektar torpaq sahəsi 3-4 il bundan əvvəl Komitəyə ayrılıb. Sərəncam da verilib, layihə də hazırlanıb. Əlavə olaraq 150 hektar ehtiyat saxlanılıb ki, əlavə nə qədər tikinti olsa, orada aparıla bilər.

İkinci variant, şəhərdəki İnşaatçılar yaşayış sahəsində ötən əsrin 40-50-ci illərində tikilmiş, istismar müddəti ötmüş, qəzalı vəziyyətdə olan taxta konstruksiyalı, kommunal xidmətləri olmayan, ikibloklu, səkkizmənzilli binaların sökülərək yerində hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikilməsidir. Burada inşa olunacaq binalar üçün yeni kommunikasiya xətlərinin çəkilməsinə ehtiyac qalmayacaq. Sumqayıtdan kənarda, 8-10 kilometrlik məsafədə yerləşən 200 hektar ərazidə kommunikasiya xətləri olmadığı halda, təklif edilən ikinci variantda - şəhərin köhnə hissəsində bu imkan var. Yəni, kommunikasiya xətlərinin çəkilməsinə ehtiyac duyulmur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində qaçqın və məcburi köçkünlər dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunmuşlar. Yerlərdə onların sosial-məişət problemlərinin həlli istiqamətində müvafiq işlər həyata keçirilir və bu məsələ daim diqqətdə saxlanılır.

Hörmətli Mehriban xanım, məcburi köçkünlərin problemlərinin həllində daim Sizə yardımçı olmağa hazırıq. Hər hansı tapşırıq olacaqsa, icra etməyə hazırıq. Çox sağ olun.

X X X

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva müşavirəyə yekun vurdu.

Birinci vitse-prezident Mehriban Əliyevanın

yekun çıxışı

-Mən bir daha qeyd etmək istərdim, hamımıza aydındır ki, bu məsələni qısa zamanda tam gücümüzlə həll etmək üçün birgə çalışmalıyıq. Bu məsələ dövlətimizin fəaliyyətinin ən prioritet istiqamətlərindən biridir. Baxmayaraq ki, bu günədək bir çox işlər həyata keçirilib, hələ də problemlər çoxdur. Bugünkü çıxışlarda biz bu barədə yenidən eşitdik. 

Burada Hacıbala müəllim bağçalarla bağlı bir mövzuya toxundu. Bizim böyük toplantıdan sonra doğrudan da bu sahədə böyük işlər aparıldı, Bakı şəhərində, paytaxtın müxtəlif rayonlarında bir çox yeni uşaq bağçaları inşa olundu. Mən açılışlarda iştirak edirəm, lakin çox müasir, gözəl, rahat bağçalarda bəzi hallarda uşaqların sayı azdır. Yəni, daha çox uşaq qəbul etməyə imkan var, amma maliyyə ilə bağlı olan problemlərə görə bağçalar tam gücü ilə çalışmırlar. Ona görə bu məsələni tezliklə həll etmək üçün Maliyyə Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti arasında işçi qrup yaradılmalı və bu məsələ qısa zamanda həllini tapmalıdır. Bununla da biz həm qənaət edəcəyik, yeni bağçalar tikməyə ehtiyac olmayacaq, həm də tələbatın bir qismini ödəyə biləcəyik.

Bu gün bizim qarşımızda duran əsas məqsəd dörd min köçkün ailəsini yeni mənzillə təmin etməkdir. Söhbət Bakı və Sumqayıt şəhərlərində məskunlaşan köçkün ailələrindən gedir. Dediyim kimi, biz işlərimizi iki istiqamətdə qurmalıyıq. Yeni mənzillər, yeni binalar tikilməlidir və inşa olunan yeni binalar keyfiyyət standartlarına tam cavab verməlidir.

Bakı Şəhər İcra Hakimiyyəti və Sumqayıt Şəhər İcra Hakimiyyəti ərazilər ayırmalıdır. Bildiyimə görə, Sumqayıtda ərazi var. Lazımi infrastruktur və kommunikasiya xətləri dövlət dəstəyi ilə çəkilməlidir. Əlbəttə, bütün bu işlər əlavə vəsait tələb edir. Bu vəsait tezliklə ayrılmalıdır. Ən qəzalı, ən ağır vəziyyətdə olan binalarda yaşayan köçkün ailələri tezliklə yeni binalara köçürülməlidir. Bununla yanaşı, Bakıda və Sumqayıtda artıq inşa edilmiş və mənzilləri boş olan təzə binalar var. Bu binalarda köçkünlər üçün mənzillər alınmalıdır. Müvafiq dövlət orqanları - Prezident Administrasiyası, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və Sumqayıt Şəhər İcra Hakimiyyəti arasında koordinasiya yaradılmalıdır. Bu, bizim ümumi işimizdir və tezliklə lazımi addımlar atmalıyıq.

Qaçqınların və məcburi köçkünlərin işlə təminatı barədə. Dediyim kimi, son 13 il ərzində 400 minə yaxın məcburi köçkün işlə təmin olunmuşdur. Amma yenə də bu sahədə problemlər var. Ona görə də rayon icra hakimiyyətləri bu barədə düşünsünlər, bəlkə kiçik biznes, ya kiçik müəssisələr barədə təkliflər hazırlasınlar. Bildiyiniz kimi, Prezidentin göstərişi ilə işsizlik problemini aradan qaldırmaq üçün böyük vəsait ayrılıb, iş yerləri yaradılıb. İş yerlərinə daha çox əhalinin bu təbəqəsindən insanları cəlb etmək lazımdır.

Biz hamımız əminik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapacaq. Ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq, bütün məcburi köçkünlər və qaçqınlar öz doğma yurdlarına qayıdacaqlar. Bu gün onları yerləşdirmək üçün tikilən binalar, salınan qəsəbələr, alınan mənzillər onların müvəqqəti ünvanıdır. Reallıqlar bundan ibarətdir. Bu gün bizim məqsədimiz bu insanları normal yaşayış yeri və işlə təmin etməkdir. Mən bu işdə hər birinizə uğurlar arzulayıram. Çox sağ olun.

Keçidlər