Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Universitetində aprel şəhidinin xatirəsi anılıb

07 aprel 2017 | 16:00

Azərbaycan Universitetində aprel döyüşlərində qəhrəmancasına həlak olmuş şəhid Fəxrəddin Qurbanlının anım mərasimi keçirilib.  Tədbirdə Universitetin rektoru Səadət Əliyeva, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini Qurban İsmayılov, “SƏS” Media Qrupun rəhbəri Bəhruz Quliyev,Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Həbib Məmmədov, , şəhidin ailə üzvləri və tələbələr iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himinin səsləndirilməsi və aprel döyüşlərində həlak olan şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanılmışdır.
İlk olaraq çıxış edən Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva aprel hadisələrində düşmən təxribatı zamanı Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıqlar, ordumuzun inamlı qələbəsindən söhbət açıb. Bildirib ki, hər birimiz Vətən uğrunda, torpaq uğrunda ölümə getməyə hazırıq. Aprel döyüşləri ordu-xalq birliyini bir daha bariz şəkildə  nümayiş etdirdi.
Rektor qeyd edib ki, Azərbaycan Universitetinin məzunu olan Fəxrəddən Qurbanlı kimi digər şəhidlərimizin xatirəsi də bizim qəlbimizdə, Azərbaycan xalqının ürəyində daim yaşayacaq.
Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Həbib Məmmədov çıxışında bildirdi ki, biz vahid amal ətrafında birləşərək  ölkəmizi daha da gücləndirməli, müstəqilliyimizi daha da möhkəmləndirməliyik ki, öz ərazi bütövlüyümüzü bərpa edək.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev hər bir şəhid valideyni qarşısında baş əydiyini deyib: "Xalq şəhid övladlarımıza görə başını dik tuta bilər. Çünki tarixi qəhrəmanlığımız özümüzə qayıtdı, biz güclü, haqq uğurunda savaşmağı bacaran xalq olduğumuzu bir daha təsdiqlədik”.
“SƏS” Media Qrupun rəhbəri Bəhruz Quliyev isə deyib ki, aprel döyüşləri Azərbaycan Ordusuna özünə inam verdi: “Aprel döyüşləri zamanı Azərbaycan cəmiyyətində xüsusi bir qələbə əzmi, döyüş ruhu yarandı, siyasi mövqeyindən asılı olmayaraq hər kəs dövlətin, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşdi. Bir sözlə, Azərbaycan münaqişə ilə bağlı yekdil və sərt mövqe ortaya qoydu”.
B.Quliyev əlavə edib ki, şəhidlərin dəfni zamanı yaranan izdihamlar, şəhidlərin ruhuna olan böyük hörmət və ehtiram cəmiyyətin vətənpərvərlik ruhunun nə qədər yüksək olduğunun bir daha bariz nümunəsini ortaya qoydu: “Aprel döyüşləri göstərdi ki, Azərbaycan gəncləri nəinki münaqişəni unudub, əksinə, Qarabağ uğrunda ölümə belə getməyə hazırdırlar”.
Sonda çıxış edən şəhidin atası Seyfəddin Qurbanlı isə bildirib ki, bizi onun şəhidliyi nə qədər kədərləndirsə də Vətən uğrunda qəhrəmanlıq göstərməsi o qədər də sevindirdi: “Biz övladlarımızı böyüdürük ki, vətəni qorusun, yeri gələndə belə şəhid olsun. Vətən sevgisini ana sevgisi ilə eyni tutulması o deməkdir ki, vətən torpağı ana qədər əzizdir”.
Tədbirə müzakirələrlə yekun vurulub.

Keçidlər