1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Nəsimi rayonunda yaşayan qazi və şəhid uşaqları ilə tədbir keçirildi.
1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Zabitlər Parkında keçirilən bayram tədbirində qazi və şəhid uşaqları iştirak etdilər.
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov tədbirdə iştirak edən uşaqları salamlayaraq, 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə təbrik etmiş və bildirmişdir ki, ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşməsi Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider ötən əsrin 70-ci illərində respublikamıza rəhbərliyi dövründə uşaqlara xüsusi diqqət yetirmiş, uşaqların təhsili, dünyagörüşlərinin zənginləşdirilməsi və sağlamlıqlarının qorunması istiqamətində əhəmiyyətli işlər görmüşdür. “Mən həyatımın, bu günümün, gələcəyimin xoşbəxtliyini məhz uşaqlara qayğıda, diqqətdə görürəm” – deyən dahi şəxsiyyətin rəhbərliyi ilə müstəqillik əldə etdikdən sonra ölkəmizdə dövlət uşaq siyasəti yeni forma və məzmun qazanmışdır.
Natiq çıxışına davam edərək qeyd etmişdir ki, Ulu Öndərin müəyyənləşdirdiyi dövlət uşaq siyasəti bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər ölkəmizdə uşaq problemlərinin həllinə yönəlmiş çoxsaylı dövlət proqramları qəbul edilmiş, uşaq hüquqlarının etibarlı təminat mexanizmləri yaradılmışdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə, o cümlədən Nəsimi rayonunda uşaqlarla bağlı bir sıra önəmli layihələr həyata keçirilir. Ölkəmizdə olduğu kimi, Nəsimi rayonunda da qazi və şəhid övladları diqqət mərkəzində saxlanılır.
5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Bakı Dövlət Sirki tərəfindən hazırlanmış maraqlı, rəngarəng bayram konserti tədbir iştirakçılari tərəfindən maraqla qarşılanmışdır. Bayram şənliyi şou proqramlarla davam etmişdir. Sonra uşaqlara hədiyyələr təqdim edilib.
Tədbirdə iştirak edən Qazilər və şəhid ailələri uşaqlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.