Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İdarələri

Bakı şəhərinin mərkəzi rayonlarından biri olan Nəsimi rayonunun inzibati ərazisi 10,0 kv.km., əhalisi isə 01.10.2012-ci il tarixə rəsmi qeydiyyatda 215 120 nəfərdir.
Nəsimi rayonu 13.06.1969-cu il tarixdə yaradılmışdır. Nəsimi rayonu Xətai, Nərimanov, Binəqədi, Yasamal və Səbail rayonları ilə həmsərhəddir.
Rayonda Nəsimi Bələdiyyəsi fəaliyyət göstərir.
Nəsimi rayonu ərazisində qəsəbə, kənd və digər inzibati ərazi dairələri mövcud deyildir.
Rayon ərazisində 19 iri sənaye müəssisəsi, 4 Elmi Tədqiqat və Layihə İnstitutu, 13 bank və onların filialları, 9 rabitə müəssisəsi, 11 mehmanxana yerləşir.
İşçilərin sayına görə ən iri müəssisə « Bakı Tikiş Evi » ASC-dir.
Rayon ərazisində 8 ali məktəb (Azərbaycan Neft Akademiyasi, Musiqi Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Slavyan Universiteti, Bakı Asiya Universiteti, Azərbaycan Universiteti, Bakı Qızlar Universiteti), 33 orta məktəb, 4 orta ixtisas və peşə məktəbi, 8 məktəbdənkənar tərbiyə müəssisəsi, 2 musiqi məktəbi, 47 körpələr evi-uşaq bağçası, 11 xəstəxana, 11 poliklinika, 13 memarliq abidəsi yerləşir.
Əhalinin istirahəti və asudə vaxtının səmərəli keçirilməsi məqsədi ilə rayonda 12 istirahət parkı, 1 mədəniyyət evi, 3 kinoteatr, 6 kitabxana (kitab fondu - 632900) fəaliyyət göstərir. Bütün bunlardan əlavə Heydər Əliyev Sarayı, Heydər Əliyev adına İdman və Konsert Kompleksi, Bakı Dəmir Yolu Vağzalı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, 28 May, C.Cabbarlı, 20 Yanvar və Memar Əcəmi metro stansiyaları Nəsimi rayonunun ərazisində yerləşir.
Habelə rayonda 14 siyasi partiyanın rayon şöbəsi, 45 qeyri-hökümət təşkilatı, 17 beynəlxalq təşkilat, 7 dini icma fəaliyyət göstərir.
Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdən 2457 ailə ( 10872 nəfər) rayon ərazisində müvəqqəti məskunlaşmışdır.
Rayonda 152 şəhid (138–i Qarabağ müharibəsi şəhidi, 14–ü 20 Yanvar şəhidi) ailəsi vardır.
Nəsimi Rayon İcra Hakimiyyəti öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”yə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərman və Sərəncamlarına müvafiq olaraq həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”nin 2-ci maddəsinə uyğun olaraq Nəsimi Rayon İcra Hakimiyyəti başçısı yanında Şura fəaliyyət göstərir. İcra Hakimiyyəti başçısı yanında daimi məşvərətçi orqan olan Şuranın yaradılması rayonun iqtisadi, sosial, mədəni və digər yerli məsələlərinə baxılıb müzakirə edilməsi və onların həllinə dair konkret təkliflərin hazırlanması məqsədi daşıyır. Müzakirə olunmuş məsələlər üzrə irəli sürülmüş təklif və tövsiyyələr əsasında Şuranın qərarları, zəruri hallarda isə Rayon İcra Hakimiyyəti başçısının sərəncamları verilir. Şura işini təsdiq olunmuş iş planına əsasən qurur.
Nəsimi rayonu ərazisində 3 Seçki Dairəsi: 21 saylı Nəsimi birinci (29 məntəqə), 22 sayli Nəsimi ikinci (30 məntəqə) və 23 saylı Nəsimi-Səbail (Nəsimi rayonu üzrə 19 məntəqə) Seçki Komissiyaları fəaliyyət göstərir. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununu rəhbər tutaraq seçkilərə hazırlıq dövründə təbliğat və təşviqat işlərinin təşkili məqsədi ilə Nəsimi rayonu ərazisində fəaliyyət göstərən seçki dairələrinin hüdudları daxilində namizədlərin seçicilərlə görüşlərinin keçirilməsi üçün açıq və qapalı yerlərin, habelə təşviqat aparılması üçün yerlərin siyahısı müəyyənləşdirilmiş və Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuşdur.

Keçidlər