Səadət Sarayında beynəlxalq ailə günü ilə bağlı tədbir keçirilib
Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1993-cü il 20 sentyabr tarixli qətnaməsinə müvafiq olaraq hər il mayın 15-i beynəlxalq ailə günü kimi qeyd olunur. Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə səadət sarayında beynəlxalq ailə gününə həsr olunan tədbir keçirilib. Tədbirdə Milli Məclisin, ədliyyə, səhiyyə, təhsil nazirliklərinin, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Bakının Nəsimi, Yasamal və Nərimanov rayon icra hakimiyyətlərinin, ali təhsil müəssisələrinin nümayəndələri iştirak etdi. Qeyd edildi ki, uzun illər nigah mərasimlərinin keçirildiyi əsas məkan kimi tanınmış Səadət sarayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə təmir-bərpa və yenidənqurma işləri aparılıb. Görülən işlər nəticəsində bu memarlıq abidəsinə yeni həyat verilib. Toplaşanlar üçün Ulu öndər Heydər Əliyevin ailə münasibətlərinə həsr olunan “Heydər Əliyev - əsl məhəbbət haqqında” filmi nümayiş olundu. Daha sonra ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən olan ailə siyasətindən, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsinin, ailədə sülh və dözümlülük mədəniyyətinin təbliğinin əhəmiyyətindən söhbət açıldı. Təntənəli şəraitdə gənclərin nigahı qeydə alındı. Dəvət olunan uzunömürlü ailə üzvlərinin tövsiyyələri dinlənildi. Onlara xatirə hədiyyələri təqdim olundu. Nəsimi rayonunda yerləşən Azərbaycan Milli Konservatoriyası nəzdnində musiqi kollecinin tələbələrinin hazırladığı konsert proqramı və uşaq yaradıcılıq mərkəzinin rəqs qrupunun çıxışı tədbir iştirakçılarına xoş ovqat yaratdı.