Nəsimi rayon məktəbliləri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında
Yeniyetmə və gənclərin asudə vaxtlarının, onların istirahətinin təşkili hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır. Bununla əlaqədar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə məktəblilərin iştirakı ilə bir sıra maraqlı tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.Uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uşaqlaşdırılması, istirahət müddətində onların bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi üçün xüsusi tədbirlər təşkil edilib keçirilir.
İyul ayının 1-də məktəblilərin yay tətili günlərində istirahətlərinin daha rəngarəng və maraqlı edilməsi məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Gənc tamaşaçılar Teatrında “Çipollino”tamaşasının pulsuz nümayişi təşkil olunmuşdur. Tədbirdə rayon məktəblərinin təhsildə fərqlənən şagirdləri, aztəminatlı ailələrin və Qarabağ müharibəsi veteranlarının övladları olmaqla 400 nəfər məktəbli iştirak etmişdir.
Beynəlxalq layihə çərçivəsində hazırlanmış tamaşa görkəmli italyan uşaq yazıçısı Canni Rodarinin eyniadlı əsəri əsasında ərsəyə gələn “Çipollino”dur. Tamaşanın quruluşçu rejissoru Rostov “Maksimum” teatrının bədii rəhbəri, Rostov İncəsənət məktəbinin rejissorluq kafedrasının müdiri Yelena İvanova, səhnə redaksiyasının müəllifi teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, rejissoru Ayla Həşimova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidov, rəqslərin quruluşçusu Əməkdar Artist Nicat Kazımov, rejissor assistenti Günay Qasımovadır.
Bütün personajları meyvə və tərəvəzlərdən ibarət olan rəngarəng tamaşanın əsas qəhrəmanı cəsarətli, qorxmaz və ağıllı Çipollino qəddar şahzadə Limonun, zalım senyor Pomidorun və lovğa Albalı qrafinyalarının hakimiyyətindən xilas olmaqda ölkə sakinlərinə yardım edir.“Çipollino” tamaşası uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün məktəblilərin yay tətili günlərində silsilə tədbirlərin keçiriləcəyi barədə məlumat verərək, onların hər zaman rayon İcra hakimiyyətinin diqqətində olduqlarını bildirmişdir.
Tamaşada iştirak edən uşaqların valideynləri tədbirdən razı qalmış, hər zaman Azərbaycan uşaqlarına diqqət və qayğı göstərən Azərbaycan Pespublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Pespublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.