Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı Slavyan Universitetində Xocalı soyqırımının qurbanları yad edildi

22 fevral 2013 | 16:00

Bəşəriyyət tarixində ən qanlı cinayət ötən əsrin sonlarında Azərbaycanda Ermənistan silahlı qüvvələri tərəfindən törədildi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya bir neçə istiqamətdən hücum edən erməni silahlı birləşmələri öz qəddar əməllərini və insanlığa sığmayan vəhşiliklərini şəhərdə köməksiz qalmış uşaqlar və qadınlar, ahıl qocaların üzərində nümayiş etdirdilər. Bədnam qonşularımızın amansızlığını tamamilə ifşa edən soyqırım aktı yalnız soydaşlarımıza qarşı deyil, bütövlükdə insanlıq əleyhinə törədilmiş hərbi-siyasi cinayətdir. Faciənin baş verməsindən yalnız iki il sonra bu bəşəri cinayət öz qiymətini aldı. Azərbaycan xalqının xilaskarı ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də "Xocalı soyqırımı günü haqqında" xüsusi qərar qəbul etdi. Sənəddə faciənin başvermə səbəbləri, günahkarların adları təfsilatı ilə açıqlandı.
21 fevral 2013-cü il tarixində Bakı Slavyan Universitetində  Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı tədbir keçirildi. Tədbirdə BSU-nun rəhbərliyi, professor-müəllim heyətinin üzvləri, Tələbə Gənclər Təşkilatının üzvləri, doktorantlar, magistrantlar və tələbələr, universitet əməkdaşları, eləcə də Nəsimi rayon İcra Hakimiyyəti Aparatının və Nəsimi Rayon Gənclər və İdman İdarəsinin məsul işçiləri də iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan BSU-nun tərbiyə işləri prorektoru dosent Oktay Səmədov erməni millətçilərinin əsassız iddialarından, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətçiliyimiz naminə apardığı haqq işindən danışaraq bildirdi ki, Xocalı soyqırımı təkcə Azərbaycanın deyil, bütün dünyanın, bəşəri faciəsidir: “Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülmüş, işgəncələrə məruz qalmış və şikəst edilmişlər. Bu faciənin dünya ictimaiyyətinə çatdırılması və bu istiqamətdə yazıçılarımızın, alimlərimizin fəallıq göstərmələri olduqca vacibdir. Gələcək nəsillər xalqın tarixindəki faciəvi səhifələri unutmamalıdır”. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin böyük qüvvə kimi Ağ evin rəsmi saytında yerləşdirilmiş Xocalı soyqırımı və Dağlıq Qarabağla əlaqədar petisiyaya münasibətin sübut etdiyini mərasim iştirakçılarının nəzərinə  çatdıran dos. O.Səmədov  tələbələri bu işdə daha fəal olmağa səslədi. Sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
“Azərbaycanşünaslıq” Tədris-Mədəniyyət Mərkəzinin böyük elmi işçisi, hüquq elmləri namizədi, Qarabağ müharibəsi iştirakçısı S.Məmmədov Azərbaycan xalqının faciələri ilə bağlı bir çox məqamlara toxunaraq bu məsələdə hər bir kəsi daha həssas olmağa, tariximizi dərindən öyrənməyə, bilikli və vətənpərvər ruhda gənclər kimi yetişməyə çağırdı.
Şuşa Dövlət Musiqili Dram Teatrının direktor müavini E.Abdullayeva gəncləri bu vəhşilikləri unutmamağa və heç bir zaman bağışlamamağa səslədi: “Mən inanıram ki, çox yaxın gələcəkdə sizlərdən biriniz Qarabağa Azərbaycan bayrağını asacaqsınız!”.
Tədbirin sonunda Şuşa Dövlət Musiqili Dram Teatrının “Xocalım” adlı ədəbi-bədii kompozisiyası nümayiş etdirildi.

Keçidlər