YAP Nəsimi rayon təşkilatında Ulu Öndərin siyasi hakimiyyətə gəlişinin ildönümünə həsr olunan tədbir keçirilib
Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatında ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin ildönümünə həsr olunan tədbir keçirilib.
Tədbirdə Nəsimi rayon gəncləri, YAP-nın fəalları, Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və Milli Məclisin deputatları iştirak ediblər.
Partiyanın Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin sədri Məlahət İbrahimqızı 1969-cu il iyulun 14-ü tarixini millətimizin və xalqımızın dönüş, qayıdış tarixi kimi səciyyələndirib. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizdə yeni yüksəliş mərhələsi başladı. Dahi rəhbər bacarığı, işgüzarlığı və uzaqgörənliyi sayəsində dünya siyasi tarixində özünə məxsus yer tutur. Bütün dövrlərdə gücünü, dərin zəkasını millətinin, xalqının yolunda sərf edən Ulu Öndər bütün daxili və xarici təzyiqlərə, çətinliklərə baxmayaraq, müstəqil Azərbaycan dövlətini yaradıb.
Ulu Öndər ilə bağlı xatirələrini bölüşən Mili Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib ki, Heydər Əliyev keçmiş Sovet İttifaqı daxilində bir neçə il ərzində respublikamızın hərtərəfli inkişafına nail oldu. Azərbaycanda iqtisadiyyatın bütün sahələri, xüsusilə neft sənayesi, kənd təsərrüfatı sahələrində canlanma yarandı. Onun respublikaya rəhbərlik etdiyi dövrdə idarəçiliyin möhkəmlənməsi, kadrlara qarşı tələbkarlığın artırılması nəticəsində iqtisadi-sosial sahədə böyük nailiyyətlər əldə edildi. Vətəninə hədsiz məhəbbəti, təmənnasız xidməti Ulu Öndərə hər kəsin qəlbidə əbədi məhəbbət qazandırıb.
Tədbirdə digər çıxış edənlər də Ulu Öndərin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən ətraflı bəhs ediblər.