Nəsimi rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı
Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar Nəsimi rayonunda anım mərasimi keçirilib. Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın Milli Qəhrəmanı, Xocalının müdafiəsi zamanı həlak olmuş Aqil Quliyevin Nizami küçəsində yaşadığı binadakı xatirə lövhəsinin önünə gül dəstələri düzdülər. Anım mərasimi H.Sarabski adına Mədəniyyət evində oldu. Mərasim iştirakçıları Xocalı faciəsinə həsr olunmuş kitab, rəsm əsərləri, plakat və fotoşəkillərdən ibarət sərgiyə tamaşa etdilər.
Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev dedi ki, 20-ci əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımından 21 il keçir. Xocalıda baş vermiş faciə iki yüz ilə yaxın müddətdə erməni millətçilərinin azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsidir. Bu, erməni faşistlərinin mifik, tarixdə izi-tozu olmayan “Böyük Ermənistan” ideyasını həyata keçirmək məqsədilə törətdikləri minlərlə cinayətdən ən dəhşətlisi idi. Bu qanlı aksiya zamanı 613 soydaşımız xüsusi qəddarlıqla öldürülmüşdür. Onlardan 63-ü uşaq, 106-sı qadın 70-i ahıl insanlar idi. Soyqırımı zamanı 8 ailə tamamilə məhv edilib.
Bu vəhşilikləri törətməklə düşmənlərimiz xalqımızı qorxutmaq, onu öz ərazi bütövlüyü və azadlığı uğrunda mübarizədən çəkindirmək və bununla da əzəli torpaqlarımıza yiyələnmək niyyətində idilər. Lakin erməni cəlladları və onların havadarlarının məkrli planları yerinə yetmədi. Xalqımız öz azadlığı uğrunda mübarizədən nəinki çəkindi, əksinə əsrlərlə arzusunda olduğu müstəqillik yolunda mücadiləsini daha qətiyyətlə aparmağa başladı.
Azərbaycan xalqı Xocalı faciəsinin günahsız qurbanlarının xatirəsini həmişə əziz tutur. Əminik ki, tezliklə doğma Qarabağımız mənfur düşmənin əsirliyindən azad olunacaq və bütün şəhidlərimizin qisası alınacaq. Azərbaycanımızın əzəli torpaqlarında üçrəngli bayrağımızın qürurla dalğalanacağı günə az qalıb.
Mərasimdə H.Sarabski adına Mədəniyyət evi kollektivinin ifasında Xocalı faciəsi mövzusunda tamaşa nümayiş etdirildi.
Tədbirdə Milli Məclisin deputatı Məlahət İbrahimqızı iştirak edirdi.
Həmin gün Nəsimi rayonunda məskunlaşmış 65 Xocalı ailəsinə maddi yardım verildi.