Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Birinci vitse- prezidenti Mehriban xanım Əliyevaya

25 avqust 2017 | 16:00

 

Hörmətli Mehriban xanım! 

Sizi – xalqımızın görkəmli nümayəndəsini, böyük dövlət xadimini Ad gününüz münasibətilə Nəsimi rayon ictimaiyyəti adından səmimi qəlbdən təbrik edirik.

Siz peşəkar fəaliyyətiniz, zəngin təcrübəniz  və hadisələrə genişmiqyaslı baxışınızla Azərbaycan tarixində yeni hərəkatın yeni bir səhifəsini yaratmısınız. Sizin görkəmli fəaliyyətiniz təhsildən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət arealını əhatə edir. Belə möhtəşəm fəaliyyətin əsasında xalq sevgisi, vətənpərvərlik, bəşəri ideallara sadiqlik, zərif humanizm dayanır.

Hörmətli Mehriban xanım! 

Sizin malik olduğunuz üstün mənəvi məziyyətlərin nəcib ailə köklərinə dərin bağlılıqdan qaynaqlanması, vətənimizə, dövlətçiliyimizə və xalqımıza  sadiqlik əzminizi şərtləndirən əsas amildir. Siz ölkənin Birinci vitse-prezidenti, birinci xanımı olmaqla bərabər, həm də nümunəvi ana, məsuliyyətli vətəndaş, dünyəvi və dini dəyərlərimizə sadiq olan Azərbaycan qadınının yeni siması və görkəmli dövlət xadimsiniz. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevlə birlikdə xalqımızın rifahı, dövlətimizin daha da qüdrətlənməsi naminə həyata keçirdiyiniz tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda, beynəlxalq sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual sahələri də əhatə edir.

Sizin məzmunlu ictimai fəaliyyətiniz ölkələr və xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə yönəlibdir.

Dünya birliyinə, qabaqcıl ölkələrə Azərbaycan mədəniyyətinin nüfuzu və bəşəri gücü ilə daxil olmaq - bu da Sizin – nüfuzlu siyasi xadimin mədəniyyət diplomatiyasının məxsusi konsepsiyasıdır.

Sizin rəhbərliyiniz altında həyata keçirilən xeyriyyəçilik missiyası yalnız məmləkətimiz miqyasında ən mükəmməl örnək deyil. Bu, həm də dünya miqyasında ən layiqli humanizm nümunələrindəndir!

Təsadüfi deyil ki, Sizin və rəhbərlik etdiyiniz Heydər Əliyev Fondunun xeyirxahlıq fəaliyyəti artıq Azərbaycanın hüdudlarını aşaraq Avropadan Asiyayadək böyük mədəni, tarixi, coğrafi mühiti əhatə edir.

Xalqın yüksək məhəbbətini və inamını qazanan Heydər Əliyev Fondu Ulu öndərin adını şərəflə daşıyır, böyük rəhbərin xatirəsinə layiq fəaliyyət göstərir. Siz millətin gələcəyinə hesablanmış bu xoşməramlı missiyanı uğurla davam etdirir, milli intibah prosesinə yeni və dəyərli töhfələrinizi verirsiniz.

Hörmətli Mehriban xanım! 

Siz dövlətimizin, eləcə də digər dövlətlərin çoxsaylı təltiflərinə layiq görülmüş və bununla ölkəmizə qürur bəxş etmisiniz. Biz əminik ki, bu təltiflər sırasında Sizin üçün ən əsas, ən müqəddəs təltif insanların Sizə bəslənən inamı, Sizə olan sevgisi, Sizə ünvanlanan hörməti və ehtiramıdır. Bu gün ölkəmizin bütün guşələrindən milyonlarla insana qoşularaq Nəsimi rayon ictimaiyyəti də tükənməz xeyirxahlığınıza, səmimiyyətinizə, dünyamızı daha yaxşı, daha təmiz və daha gözəl etməyə çalışdığınıza görə Sizə dərin hörmət və ehtiramını ünvanlayır.

Hörmətli Mehriban xanım! 

Bir daha, Sizi – vətənpərvər bir şəxsi, görkəmli dövlət xadimini - Ad günü münasibətilə təbrik etməkdən qürur duyur, Sizə yeni-yeni uğurlar, nəcib məqsədlərə xidmət edən fəaliyyətinizdə yeni nailiyyətlər arzulayırıq.


Dərin hörmət və ehtiramla,


Nəsimi rayon ictimaiyyəti adından
rayon İcra Hakimiyyətinin başçısı
Asif Əsgərov

Keçidlər