Nəsimi rayonunda “Sosial şəbəkələrin cəmiyyətdə rolu və məktəblilərin internet təhlükəsizliyi” mövzusunda maarifləndirici tədbirlərə start verildi.
Nəsimi rayonu İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə İ.Əbülhəsənov adına 42 saylı tam orta məktəbdə yuxarı sinif şagirdlərinin, məktəb müəllimlərinin və valideynlərin iştirakı ilə “Sosial şəbəkələrin cəmiyyətdə rolu və məktəblilərin internet təhlükəsizliyi” mövzusunda maarifləndirici tədbirlərə start verildi.
Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva qeyd etdi ki, bu gün sosial şəbəkə istifadəçilərinin sayı bütün dünyada olduğu kimi Azərbaycanda da artmaqdadır.Bütün yaş qruplarına aid insanlar, xüsusilə də yeniyetmə və gənclər sosial şəbəkələrdən geniş istifadə edirlər. Bəzi hallarda sosial şəbəkələrdən istifadə ciddi problemlərə səbəb olur. Yeniyetmə və gənclərin onlara aid olmayan səhifələrə daxil olaraq , yaş qrupları ilə uygunlaşmayan məlumatları əldə etmələri, müxtəlif neqativ hadisələrə gətirib çıxarır. Odur ki, yeniyetmə və məktəblilərin internet təhlükəsizliyinin qorunması müəllim və valideynlərin əsas vəzifələrindən biri olmalıdır.Bu yöndə yeniyetmə və gənclərin iştirakı ilə diskussiya xarakterli müxtəlif maarifləndirici tədbirlərin keçirilməsi vacib məsələlərdən biridir. Belə ki, onlar respublikamızda o, cümlədən Nəsimi rayonunda həyata keçirilən tədbirlər barədə məlumatları müntəzəm olaraq izləməli və sosial şəbəkələrdən vətənpərvərlik ruhunda tərbiyə məqsədi ilə istifadə etməlidirlər.
Tədbirdə çıxış edən İ.Əbülhəsənov adına 42 saylı tam orta məktəbin direktoru Firəngiz Həmidova qeyd etdi ki, belə maarifləndirici tədbirlərin keçirilməsinə ciddi ehtiyac vardır. Biz müəllimlər də çalışacağıq ki, məktəblilərin internet təhlükəsizliyinin qorunması üçün müxtəlif tədbirlərin keçirilməsini təmin edək.
Nəsimi rayon İcra Hakimiyyəti yeniyetmə və gənclərin sosial şəbəkələrdən lazımi səviyyədə istifadə etmələri üçün mütəmadi olaraq orta məktəblərdə və ali təhsil müəssisələrində maarifləndirici tədbirlərin keçirilməsini davam etdirəcəkdir.