Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda ahıl vətəndaşlar diqqət və qayğı ilə əhatə olunmuşlar

29 sentyabr 2017 | 16:00

Hər il oktyabr ayının 1-ində  dünyanın bir çox ölkələri Beynəlxalq  Ahıllar gününü qeyd edirlər. BMT-nin Baş Məclisi 1992-ci ildə Ahılların müdafiəsi ilə bağlı Qətnamə qəbul etmişdir. Həmin Qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-i Beynəlxalq Ahıllar Günü kimi qəbul edilmiş, həmçinin 1999-cu il Beynəlxalq Ahıllar ili elan olunmuşdur.

2001-ci il iyunun 22-də "Ahıllara sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanuna əsasən ölkədə 70 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl sayılır.  1993-cü ildən başlayaraq hər il oktyabr ayının 1-i Respublikamızda "Beynəlxalq Ahıllar Günü" kimi qeyd olunur. Həmin günün keçirilməsində məqsəd ahıl vətəndaşların sosial problemləri ilə tanış olmaq, ehtiyaclarını müəyyənləşdirərək imkanlı müəssisələr, təşkilatlar və qeyri-hökümət təşkilatları ilə birlikdə əməli tədbirlər görməkdən ibarətdir. Beynəlxalq Ahıllar Günü ərəfəsində bütün dünyada olduğu kimi, Respublikamızın şəhər və rayonlarında icra hakimiyyətləri, əmək kollektivləri, ictimai təşkilatlar və qeyri-hökumət təşkilatları rayon ərazisində yaşayan ahıl vətəndaşların ehtiyaclarını öyrənərək onlar üçün bayram süfrələri, ərzaq bağlamaları təşkil edir, müxtəlif xeyriyyə, şəfqət və mədəni-kütləvi tədbirlər həyata keçirirlər.

Azərbaycan Respublikasında ahıl vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılması və onlara dövlət qayğısının artırılması məqsədilə ölkə Prezidenti İlham Əliyev 2006-cı il aprelin 17-də “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncam imzalamışdır.

Əlamətdar günlə əlaqədar Nəsimi Rayon İcra Hakimiyyətində rayonun ahıl, kimsəsiz, əlil və qayğıya ən çox ehtiyacı olan vətəndaşlarının bir qrupu ilə görüş keçirilmişdir. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif  Əsgərov yaşlı nəslin nümayəndələrini salamlamış, onlara uzun ömür və can sağlığı arzulayaraq dövlət tərəfindən hər bir ahıl vətəndaşın diqqət və qayğı ilə əhatə olunduğunu qeyd etmişdir. Bildirmişdir ki, yaşlılar da  cəmiyyətin  bərabər hüquqlu vətəndaşlarıdır, onlara ehtiram göstərmək yüksək insani keyfiyyətdir. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardağı uğurlu siyasət nəticəsində əldə olunmuş iqtisadi  inkişaf ölkə rəhbərliyinə imkan vermişdir ki, son illər ərzində  pensiya və minimum əmək haqlarının məbləği dəfələrlə qaldırılmışdır. Asif Əsgərov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ahıl və yaşlı insanlara göstərdiyi  diqqət və qaygısindan danışmış, onların sosial rifahının yaxşılaşdırılması ilə əlaqədar keçirilən  tədbirlərin əhəmiyyətini vurgulamışdır.

Bu gün Nəsimi rayonunda əhalinin 4722 nəfərinin yaşı 70-dən yuxarı olan ahıllar təşkil edir. Onlardan 2512 nəfəri kişi, 2210 nəfəri qadındır. Nəsimi rayon Əhalinin Sosial Müdafiə Mərkəzisinin Sosial xidmət şöbəsində 278 nəfər tənha, əlil qeydiyyatdadır ki, onlara 27 nəfər sosial işçi xidmət göstərir. Xidmətdə olan 278 ahıl vətəndaşdan  240 nəfərinin yaşı 70-yaşdan yuxarıdır, onlardan da 189 nəfəri qadın, 51  nəfəri kişidir. Ümumi qeydiyyatda olanlardan 5 nəfəri I qrup əlil, 37 nəfər isə II qrup əlildir. Nəsimi rayonunda 100 yaşdan yuxarı 8 nəfər sakin yaşayır. Təqaüdçülərə təqaüd və müavinətlərin ödənilməsində gecikmələrə yol verilmir.

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov rayonda aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri barədə məlumat vermiş, rayonun sosial-iqtisadi inkişafı üçün görülməsi nəzərdə tutulan işlərdən danışmış və bildirmişdir  ki, bu işlərin həyata keçirilməsində yaşlı nəsil nümayəndələrinin hər zaman  məsləhət və təkliflərinə böyük ehtiyac vardır.

Böyük Vətən Müharibəsi Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Nəsimi rayon şöbəsinin sədri İsmayıl Fərəcov, Böyük Vətən Müharibəsi veteranları Ağababa İskəndərov, əmək veteranı Tamella Fərəcova və digər çıxış edənlər rayonda ahıl və veteranlarla bağlı görülən işlərdən, göstərilən diqqət və qayğıdan danışmış  və onlara göstərilən qaygiya  görə ölkə başçısı cənab İlham Əliyevə  və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya  öz minnətdarlıqlarını bildirmiş, ölkəmizin inkişafı və çiçəklənməsi istiqamətində görülən işlərdə uğurlar arzulamışlar.

Tədbirin yekununda  Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ahıl  vətəndaşlar tərəfindən  qaldırılan sosial məişət məsələləri ilə bağlı təklifləri dinləyərək  həlli üçün müvafiq tapşırıqlar vermişdir. 

Görüşdə iştirak edən  və evlərdə yataq xəstəsi olan 250 nəfərdən artıq ahıla Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr   təqdim edilmişdir.

 

Keçidlər