Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Nəsimi rayon təşkilatının X konfransı keçirilib

26 oktyabr 2017 | 16:00

Oktyabrın 26-da Bakıda Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının X konfransı keçirilib. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, YAP İdarə Heyətinin üzvü Əli Həsənov konfransda iştirak edib.

Dövlət himninin səsləndirilməsi ilə başlayan konfransda YAP-ın yaradıcısı ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı tədbirdə çıxış edərək ötən müddətdə görülmüş işlər barədə məlumat verib.

Sonra YAP Nəsimi rayon təşkilatının nəzarət-təftiş komissiyasının hesabatı dinlənilib.

Daha sonra Yeni Azərbaycan Partiyasının yaranması və 25 illik uğurlu fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.

YAP Siyasi Şurasının üzvü, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Yeni Azərbaycan Partiyasının nüfuzunun gündən-günə artdığını bildirib. O, partiyanın Nəsimi rayon təşkilatının rayonun ictimai-siyasi həyatında fəal şəkildə iştirak etdiyini söyləyib.

YAP Nəsimi rayon təşkilatının siyasi şurasının üzvü, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, ölkəmizin ictimai-siyasi həyatındakı rolundan, keçdiyi inkişaf yolundan söhbət açıb.

Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, YAP İdarə Heyətinin üzvü Əli Həsənov Yeni Azərbaycan Partiyasının yaranmasını zərurətə çevirən amillərdən, həmin dövrdə ölkəmizdə mövcud olmuş ağır ictimai-siyasi vəziyyətdən danışıb. Prezidentin köməkçisi qeyd edib ki, ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası cəmiyyətin bütün təbəqələrindən olan insanları öz ətrafında birləşdirib. Bu gün Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə aparıcı rolunu daha da möhkəmləndirir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə partiyanın uğurları getdikcə daha da artır.

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Məlahət İbrahimqızı yenidən YAP Nəsimi rayon təşkilatının sədri seçilib. Partiyanın rayon təşkilatının bir sıra fəal üzvlərinə təşəkkürnamələr təqdim edilib.

Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciət qəbul olunub.

Keçidlər