“Uşaq hüquqlarının qorunması milli-mənəvi dəyərlərimizin tərkib hissəsi kimi” mövzusunda tədbir
Oktyabrın 31-də Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə Bakı Slavyan Universitetinin (BSU) nəzdində fəaliyyət göstərən Məktəb-lisey kompleksində “Uşaq hüquqlarının qorunması milli-mənəvi dəyərlərimizin tərkib hissəsi kimi” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Faiq Ələkbərov, Pərvin Nuriyeva, Nəsimi RİH Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rauf İsgəndərov və şöbənin baş məsləhətçisi Orxan Əzizov, məktəb-lisey kompleksinin direktoru İlahə Carçıyeva, kompleksin pedaqoji kollektivi və yuxarı sinif şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan BSU Məktəb-lisey kompleksinin direktoru İlahə Carçıyeva qonaqları salamlayıb, uşaq hüquqları mövzusunda beynəlxalq təcrübə haqqında məlumat verib və bu cür tədbirlərin mütəmadi həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.
Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Faiq Ələkbərov dövlətçilik ənənələrinin formalaşmasında milli-mənəvi dəyərlərimizin rolu haqqında söhbət açıb. F.Ələkbərov ölkəmizdəki sabitliyin və əmin-amanlığın qorunmasında milli-mənəvi dəyərlərə bağlılığın zəruri əhəmiyyət kəsb etdiyini vurğulayıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Pərvin Nuriyeva uşaq hüquqlarının qorunmasının milli-mənəvi dəyərlərimizdəki yeri və rolu ilə bağlı ətraflı məruzə ilə çıxış edib. P.Nuriyeva uşaqlara qayğının, onların hüquqlarının təmin edilməsinin hər bir ictimai institutun mühüm vəzifəsi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Həmçinin çıxışlar zamanı dini radikalizm və onun fəsadları, onun cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələri, habelə dini radikalizmə qarşı mübarizə metodları barədə tədbir iştirakçılarına ətraflı məlumat verilərək radikalizmin qarşısının alınmasında təhsilin önəmi xüsusi qeyd edilib.
Yekunda milli-mənəvi dəyərlərimizin qorunmasında yeniyetmə və gənclərin üzərinə düşən mühüm vəzifələr barəsində fikir mübadiləsi aparılıb və dinləyicilərin sualları cavablandırılıb.