Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü ilə əlaqədar partiyanın Nəsimi rayon təşkilatı tərəfindən tədbir keçirilib.
YAP Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı tədbirdə çıxış edərək partiyanın yaranma tarixindən söhbət açıb. Bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində yaradılmış Yeni Azərbaycan Partiyası bu gün Cənubi Qafqazın lider partiyasına çevrilib. Ümumxalq partiyası kimi Yeni Azərbaycan Partiyasının yaranmasının ildönümü hər il qeyd olunur.
Məlahət İbrahimqızı vurğulayıb ki, dahi öndər Heydər Əliyevin ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin sədrliyi ilə böyük inkişaf yolu keçib. Bu gün YAP milli siyasi iradəni təmsil edən və xalqımızın milli maraqlarını ifadə edən vahid və avanqard siyasi qüvvəyə çevrilib.
Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil, demokratik Azərbaycan onun müəyyən etdiyi strateji xətlə inamla irəliləyir, inkişafını davam etdirir. Ulu Öndərin bu siyasi xəttini əzmlə irəli aparan isə onun layiqli davamçısı Prezident İlham Əliyevdir.
YAP Siyasi Şurasının üzvü, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, partiyanın fəaliyyəti dövründə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da artıb, ölkəmizin beynəlxalq aləmdə mövqeyi möhkəmlənib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb, Azərbaycan regionun lider dövlətinə çevrilib. Ölkəmizin iqtisadi cəhətdən qüdrətlənməsi əhalinin sosial rifahının yaxşılaşmasına gətirib çıxarıb. Asif Əsgərov Yeni Azərbaycan Partiyasının xalqımızı öz ətrafına toplayaraq ümumxalq partiyasına çevrildiyini, eyni zamanda, ölkədə demokratiyanın inkişafında aparıcı qüvvə kimi özünü təsdiqlədiyini vurğulayıb.
Tədbirdə iştirak edən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Yeni Azərbaycan Partiyasının şərəfli mübarizə tarixindən, ümummilli lider Heydər Əliyevin doğma xalqı qarşısında misilsiz xidmətlərindən danışıb. O qeyd edib ki, məhz Ulu Öndərin uzaqgörənliyi və qlobal düşüncə qabiliyyəti hesabına enerji, nəqliyyat və digər sahələrdə müstəsna aktuallığını bu gün bariz şəkildə göstərən milli strategiyalar işlənib hazırlandı və həyata keçirildi. Cavid Qurbanov bu yaxınlarda istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətindən də danışıb.