Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi münasibətilə Kliniki Tibbi Mərkəzdə tədbir keçirilib
Noyabrın 17-də Nəsimi rayonunda yerləşən Kliniki Tibbi Mərkəzdə Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 illiyinə həsr edilmiş tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin nurlu xatirəsini bir dəqiqə sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan Kliniki Tibbi Mərkəzin Baş həkimi Ədalət Dadaşov bildirmişdir ki, ölkəmizin qüdrətinin artırılmasında Yeni Azərbaycan Partiyasının xüsusi xidmətləri var.
YAP ölkəmiz üçün ən çətin məqamda, hərc-mərclik və özbaşınalığın hökm sürdüyü, xalqın müstəqilik haqqında ümidlərinin və arzularının itirildiyi, milli dövlətçiliyimizin mövcudluğunun təhlükə altında olduğu bir vaxtda yaradılıb. YAP öz intellektual səviyyəsi, sosial bazası və ümummilli lider siyasi kursu sayəsində qısa müddətdə ölkənin aparıcı qüvvəsi kimi formalaşaraq, ümumxalq partiyasına çevrildi. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində tezliklə Azərbaycanda siyasi sabitlik bərqərar oldu, ölkənin parçalanması təhlükəsi aradan qalxdı.
Sonra YAP-ın yaranmasının 25 illiyinə həsr olunmuş video çarx nümayiş olunmuşdur.
Tədbirdə çıxış edən Kliniki Tibbi Mərkəzin Baş həkiminin müavini Məhəbbət İbrahimova Azərbaycanda dövlətçiliyin qorunmasında, ölkəmizin tərəqqisində YAP-ın rolunu xüsusi vurğulayaraq qeyd etmişdir ki, ulu öndər Heydər Əliyevin ideyalarına sadiq qalaraq, bu partiyanın sıralarına qoşulmuş 700 mindən artıq insan partiyanın sədri, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin inkişafına mühüm töhfələr verirlər.
Natiq qeyd etmişdir ki, dərin intellekt sahibi, unudulmaz şəxsiyyət olan Heydər Əliyev Azərbaycan elminə və təhsilinə, bu sahədə çalışan insanlara, xüsusən səhiyyə işçilərinə daim diqqət və qayğı göstərirdi. Ölkəmizdə səhiyyənin inkişafı və tibbi kadrlar hazırlanması məhz Ulu Öndərin adı ilə bağlıdır.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini, YAP Nəsimi rayon təşkilatının qadınlar şurasının sədri Gülarə xanım Verdiyeva çıxış edərək partiyanın yaranma tarixindən söhbət açıb. Bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində yaradılmış Yeni Azərbaycan Partiyası bu gün Cənubi Qafqazın ən nüfuzlu siyasi partiyasına çevrilib. Ümumxalq partiyası kimi Yeni Azərbaycan Partiyasının yaranmasının ildönümü hər il qeyd olunur.
Gülarə Verdiyeva vurğulayıb ki, dahi öndər Heydər Əliyevin ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin sədrliyi ilə böyük inkişaf yolu keçib. Bu gün YAP milli siyasi iradəni təmsil edən və xalqımızın milli maraqlarını ifadə edən vahid və avanqard siyasi qüvvəyə çevrilib.
Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil, demokratik Azərbaycan onun müəyyən etdiyi strateji xətlə inamla irəliləyir, inkişafını davam etdirir. Ulu Öndərin bu siyasi xəttini əzmlə irəli aparan isə onun layiqli davamçısı Prezident İlham Əliyevdir.
Natiq qeyd etdi ki, partiyanın fəaliyyəti dövründə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da artıb, ölkəmizin beynəlxalq aləmdə mövqeyi möhkəmlənib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb, Azərbaycan regionun lider dövlətinə çevrilib. Ölkəmizin iqtisadi cəhətdən qüdrətlənməsi əhalinin sosial rifahının yaxşılaşmasına gətirib çıxarıb
Tədbirdə çıxış edən digər natiqlər də Yeni Azərbaycan Partiyasının şərəfli mübarizə tarixindən, ümummilli lider Heydər Əliyevin doğma xalqı qarşısında misilsiz xidmətlərindən danışaraq qeyd ediblər ki, məhz Ulu Öndərin uzaqgörənliyi və qlobal düşüncə qabiliyyəti hesabına bu gün Azərbaycan iqtisadi cəhətdən regionun güclü dövlətinə çevrilmişdir.
Tədbirin sonunda YAP sıralarına yeni daxil olmuş gənclərin nümayəndələrinə üzvlük biletləri təqdim edilib.