Nəsimi rayonunda 3 dekabr Əlillər günü münasibəti ilə silsilə tədbirlər davam edir
Əlil vətəndaşlarımız cəmiyyətin ən çox qayğıya ehtiyacı olan təbəqələrinin biri olduğundan onlara qarşı diqqətin artırılması mühüm əhəmiyyət kəsb edir. Lakin onların çoxunun maddi və ya hər hansı digər yardımdan çox adi mənəvi yardıma ehtiyacı vardır. Belə şəxslərin əksəriyyəti özlərini cəmiyyətdən təcrid olunmuş kimi görmək istəmir, müxtəlif tədbir və görüşlərdə fiziki imkanları çərçivəsində iştirak etməyə can atırlar. Buna görə də əlillərin sosial vəziyyətinin və maddi durumunun yaxşılaşdırılması, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşamasını təmin etməkdən ötrü dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən 3 Dekabr - Beynəlxalq Əlillər günü Ümummilli Liderimiz Heydər Əliyevin müvafiq sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da qeyd olunmağa başlanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cəmiyyətimizin bütün təbəqələrinin üzvlərinə, o cümlədən əlil vətəndaşlara olan diqqət və qayğısı hər zaman göz qabağındadır. Ölkə başçısının sərəncamı ilə mütəmadi olaraq müxtəlif kateqoriyalardan olan əlillərin müavinətləri artırılır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyləri nəticəsində bir çox əlil evləri əsaslı təmir olunmuş, müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılmışdır. Dövlət səviyyəsində əlil vətəndaşlara olan qayğı ölkəmizin bütün guşələrində də öz əksini tapmaqdadır.
3 Dekabr – Beynəlxalq əlillər günü ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayondakı 11 və 268 saylı Xüsusi məktəblərdə təhsil alan əlil uşaqlar, həmçinin gözdən əlillər, anadangəlmə xəstələr və müxtəlif səbəblərdən əlil olmuş insanlar, Qarabağ muharibəsi əlilləri - ümumilikdə 250-dən çox saglamlıq imkanı məhdud olan şəxslərin iştirakı «Romans-Palas» şadlıq sarayında müsiqili-əyləncəli tədbir keçirilmişdir. Tədbir iştirakçılarını salamlayan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov dövlətimizin və şəxsən ölkə başçısı cənab İlham Əliyevin əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Nəsimi rayonunda həyata keçirilən işlərdən danışmışdır.
Qeyd olunmuşdur ki, Nəsimi rayonunda qeydiyyatdan keçmiş 7325 nəfər müxtəlif əlillik dərəcəsinə malik vətəndaş yaşayır. Bunların arasında əmək, Böyük Vətən və Qarabağ müharibəsi əlilləri, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlər, həmçinin gözdən əlillər, anadangəlmə xəstələr və müxtəlif səbəblərdən əlil olmuş insanlar vardır.
Asif Əsgərov bildirmişdir ki, əlil vətəndaşlara və xüsusilə də əlil uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər bir üzvünün borcudur. Bununla əlaqədar əlillərlə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi dövlət tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır. Bu il müxtəlif kateqoriyalardan olan 147 nəfər əlil rayon sakini istirahət mərkəzləri və sanatoriyalara göndərilmişlər.İl ərzində Nəsimi rayon İcra hakimiyyəti tərəfindən əlillər və xüsusilə də əlil uşaqlarla bağlı xeyli tədbir təşkil olunmuşdur.
Həmçinin qeyd olunmuşdur ki, əlil uşaqların təhsil almalarının təmini üçün yaradılan təhsil müəssisələrindən biri Nəsimi rayonunda 1927-ci ildən fəaliyyət göstərən 268 saylı Xüsusi məktəbdir. Məktəb 2017-ci ildə əsaslı təmir edilmiş, açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir. Hazırda bu məktəbdə müxtəlif dərəcəli əlilliyi olan əqli və fiziki qüsurlu 813 nəfər uşaq təhsil alır. 192 nəfər məktəbdə, 621 nəfər isə evdə təhsil alır. Onlara 246 nəfər müəllim dərs keçir. Rayonda fəaliyyət göstərən 11 saylı Xüsusi məktəb 1947-1948-ci tədris ilində istifadəyə verilmişdir. 121 nəfər məktəbdə, 709 nəfər isə evdə təhsil alır. Onların təhsili ilə 300 nəfər müəllim məşğul olur. Nəsimi rayonunda Eşitmə Qabiliyyəti Pozulmuş Respublika İxtisaslaşdırılmış körpələr evi-uşaq bağçası 1972-ci ildən fəaliyyət göstərir. Bağçada 7 qrup fəaliyyət göstərir ki, onlardan 5 qrupu kar, 2 qrup isə zəif eşidən qruplardır. 23 pedaqoji işçi 50 nəfər uşağın tərbiyəsi ilə məşğul olur. Rayonda Autist Uşaqların Reabilitasiyasına Kömək İctimai Birliyi fəaliyyət göstərir ki, burada autizm sindromundan əziyyət çəkən uşaqların reabilitasiyasına dəstək göstərilir.
Digər çıxışçılar əlil vətəndaşlarımıza və xüsusilə də əlil uşaqlara göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər. Vurğulanmışdır ki, əlillər cəmiyyətin bərabərhüquqlu üzvüdürlər və onların ölkədə gedən bütün posseslərdə fəal iştirakı təmin olunmuşdur.
Tədbirdə 250 nəfər saglamlıq imkanları məhdud olan şəxslərə və uşaqlara hədiyyələr təqdim olunmuşdur. 11 və 268 saylı Xüsusi məktəblərdə təhsil alan uşaqların hazırladıqları kompozisiya və rəqslər, populyar incəsənət ulduzları Eldəniz Məmmədov və Azərbaycan Respublikası Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin tələbələrinin ifaları tədbirin uşaqların yaddaşında daha yaddaqalan və mənalı etmişdir.