Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “Uşaqlar cəmiyyətimizin sabahıdır” adlı tədbir keçirilmişdir

21 dekabr 2017 | 16:00

Dünya Azərbaycanlılarının həmrəylik günü münasibəti ilə Nəsimi rayonunda silsilə tədbirlər keçirilir.Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Uşaqlar cəmiyyətimizin sabahıdır”adlı  keçirilən bayram tədbirində  rayondakı  11 və 268 saylı Xüsusi məktəblərdə təhsil alan  əlil uşaqlar,  həmçinin şəhid, Qarabağ muharibəsi  veteranları ailələrindən və aztəminatlı, sosial qayğıya ehtiyacı olan ailələrdən -  ümumilikdə 400-dən artıq uşaq iştirak etmişdir. Tədbir iştirakçıları əvvəlcə  Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının geniş foyesində 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin  uşaqlarının əl işlərindən ibarət sərgiyə baxmışlar.

Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva tədbirdə iştirak edən uşaqları salamlayaraq qarşıdan gələn Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni təqvim ili münasibəti ilə təbrik etmişdir. Gülarə Verdiyeva bildirmişdir ki,  ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşməsi Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider ötən əsrin 70-ci illərində respublikamıza rəhbərliyi dövründə uşaqlara xüsusi diqqət yetirmiş, uşaqların təhsili, dünyagörüşlərinin zənginləşdirilməsi və sağlamlıqlarının qorunması istiqamətində əhəmiyyətli işlər görmüşdür. “Mən həyatımın, bu günümün, gələcəyimin xoşbəxtliyini məhz uşaqlara qayğıda, diqqətdə görürəm” – deyən dahi şəxsiyyətin rəhbərliyi ilə müstəqillik əldə etdikdən sonra ölkəmizdə dövlət uşaq siyasəti yeni forma və məzmun qazanmışdır. Gülarə Verdiyeva çıxışına davam edərək qeyd etmişdir ki, Ulu Öndərin müəyyənləşdirdiyi dövlət uşaq siyasəti  bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər ölkəmizdə uşaq problemlərinin həllinə yönəlmiş çoxsaylı dövlət proqramları qəbul edilmiş, uşaq hüquqlarının etibarlı təminat mexanizmləri yaradılmışdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə, o cümlədən Nəsimi rayonunda uşaqlarla bağlı bir sıra önəmli layihələr həyata keçirilir. Nəsimi rayonunda da uşaq - gənclər siyasəti uğurla həyata keçirilir, müxtəlif təbəqələrdən olan uşaqların hər birinə xüsusi diqqət və qayğı göstərilir. Ölkəmizdə olduğu kimi, Nəsimi rayonunda da  xüsusi qayğıya ehtiyacı olan,  o cümlədən sağlamlıq imkanları məhdud olan  uşaqların cəmiyyətə inteqrasiyası diqqət mərkəzində saxlanılır.

2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin  maraqlı,rəngarəng bayram konserti tədbir iştirakçılari tərəfindən maraqla qarşılanmışdır.Bayram şənliyi  Şaxta baba, Qar qız və nağıl qəhrəmanlarının uşaqlarla səmimi söhbətləri və rəqsləri ilə davam etmişdir. Tədbirdə iştirak edən hər bir uşağa Nəsimi rayon İcra Hakimiyyəti  tərəfindən bayram hədiyyələri təqdim olunmuşdur. 

Tədbirdə iştirak edən valideynlər  uşaqlara göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər