Nəsimi rayonunda xatirə guşəsinin açılış mərasimi keçirilmişdir
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 20 yanvar faciəsinin 28-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər təşkil edilib keçirilir.
Yanvarın 16-da Nəsimi rayonu H.Seyidzadə küçəsi 25 ünvanında 20 yanvar hadisələri zamanı həlak olmuş Qasımov Abbas Şəmməd oğlunun və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Əliyev Namiq Famil oğlunun yaşadıqları binanın həyətində onların xatirəsinə həsr edilmiş guşənin açılışı olmuşdur.
Açılışda şəhid Namiq Əliyevin təhsil aldığı Nəsimi rayonu 9 saylı tam orta məktəbin müəllim və şagirdləri, “Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri” İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev, 20 yanvar Cəmiyyətinin Nəsimi rayon şöbəsinin sədri Tofiq Allahverdiyev və cəmiyyətlərin üzvləri iştirak edirdilər.
Xatirə guşəsinin açılışında Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva cıxış edərək bildirdi ki, 1990-cı ilin 20 yanvar günü Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Bu tarix dünyanın hər yerində Azərbaycan xalqının azadlığı və suverenliyi uğrunda mübarizəsinin simvolu kimi qeyd edilib.
SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, torpaqlarımıza iddia edən Ermənistanın siyasətinin dəstəklənməsinə, o zamankı respublika rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz olaraq ayağa qalxmış xalqa qarşı sovet ordusunun hərbi birləşmələrinin yeridilməsi Bakıda faciəyə gətirib çıxararaq, böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələnib. Gülarə Verdiyeva dövlətimizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhid ailələrinə Prezident İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısından danışaraq şəhidlərin ailələrinin, hadisələr zamanı sağlamlıqlarını itirərək əlil olmuş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və dövlət qayğısının artırılması məqsədilə dövlətimiz tərəfindən əməli tədbirlər görüldüyünü, bununla bağlı onlarla Fərman və Sərəncamın verildiyini diqqətə çatdırdı.
Açılış mərasimində iştirak edənlər ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə daim qayğı göstərildiyini, sosial problemlərinin həllində dövlət dəstəyi ilə əhatə olunduqlarını söyləyib, hər kəsi ölkəmizin firavanlığı və xoş gələcəyi naminə dövlətçiliyimizin keşiyində durmağa çağırıblar.
Tədbir daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Əliyev Namiq Famil oğlunun təhsil aldığı 9 saylı tam orta məktəbdə məktəblilərin iştirakı ilə təşkil edilmiş anım mərasimi ilə davam etmişdir.