21 saylı Nəsimi birinci , 22 saylı Nəsimi ikinci və 23 saylı Nəsimi- Səbail dairə seçki komissiyalarında üçgünlük ixtisaslaşdırılmış kurslara başlanılıb
Fevralın 19-da 21 saylı Nəsimi birinci , 22 saylı Nəsimi ikinci və 23 saylı Nəsimi- Səbail dairə seçki komissiyalarında seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün üçgünlük ixtisaslaşdırılmış kurslara başlanılıb.
Kurslar Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən keçirilir.
Kursların açılışında çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva seçici siyahıları ilə işin təşkili, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və s. istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması məsələlərinə dair məruzə ilə çıxış edib. O bildirib ki, ölkəmizdə demokratik seçkilərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Artıq Nəsimi rayonu üzrə seçkilərə hazırlıqla bağlı işlərə başlanılıb. Aparılan hazırlıq işləri deməyə əsas verir ki, aprelin 11-də prezident seçkiləri yüksək səviyyədə keçiriləcək. Məntəqələrin maddi-texniki təchizatında heç bir problem yoxdur.
Daha sonra Nəsimi rayon Polis idarəsi rəisinin müavini Mehman Əliyev “Seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu” mövzusunda məruzə ilə çıxış edib.
Dairə Seçki Komissiyalarının Sədrləri bildiriblər ki, seçki dairələri üzrə bütün seçki məntəqələri Mərkəzi Seçki Komissiyası tərəfindən zəruri avadanlıqla təchiz edilib. Hər bir Dairə ərazisində namizədlərin təbliğat və təşviqatı üzrə münbit şərait mövcuddur. Rayon icra hakimiyyətinin tapşırığına əsasən artıq dairə seçki komissiyaları və seçki məntəqələrinə yaxın ərazilərdə istiqamətverici nişanların vurulmasına başlanılıb.
Tədbirdə iştirak edən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Qurban İsmayılov seçici siyahısının dəqiq tərtib olunmasının, bildirişlərin hər bir seçiciyə çatdırılmasının vacibliyini vurğulayıb.
Daha sonra “Seçici siyahıları ilə iş qaydası” mövzusunda seminar keçirilib.
Sonda kurs iştirakçılarının sualları cavablandırılıb. Üçgünlük ixtisaslaşdırılmış kurs davam edir.