Nəsimi rayonunda Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin xatirəsi anılıb
Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin adını daşıyan Nəsimi rayon 44 nömrəli tam orta məktəbdə igid döyüşçünün xatirəsi anılıb.
Y.Mirzəyevin şəhid olmasının 24-cü ildönümünə həsr edilən tədbirdə Azərbaycanın dövlət himni səsləndirilib, onun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məktəbin direktoru Leyla Baxşıyeva, Nəsimi Rayon İcra Hakimiyyətinin şöbə müdiri Zahid Xəlilov, Böyük Vətən müharibəsi veteranları İsmayıl Fərəcov, “Qarabağ Həqiqətlərinin Beynəlxalq Aləmə çatdırılması” İctimai Birliyinin sədri, Əlövsət Qasımov və digərləri çıxış edərək Milli Qəhrəmanın həyat yolundan, gənclər arasında vətənpərvərlik hissinin gücləndirilməsinin önəmindən danışıblar. Bu baxımdan Azərbaycan Ordusunun parlaq qələbə qazandığı aprel döyüşlərində igid Vətən övladlarının rəşadətinin geniş təbliğ olunmasının vacibliyi diqqətə çatdırılıb.
Yusif Mirzəyevin adını daşıyan bu təhsil ocağında hər il onun doğum günü və şəhid olduğu gün ilə əlaqədar tədbirlərin təşkil edildiyi, bu il Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş açıq dərsin də keçirildiyi qeyd edilib. Yeniyetmə və gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsində Azərbaycanın Milli qəhrəmanlarının xatirəsinə həsr edilən belə tədbirlərin keçirilməsinin önəmi vurğulanıb.
Qeyd edilib ki, Yusif Mirzəyev və digər milli qəhrəmanlarımızın həyat yolu hər bir gəncimiz üçün örnəkdir. Çünki onlar xalqımızın azadlığı, müstəqilliyi, torpaqlarımızın müdafiəsi üçün canlarını fəda ediblər.
Diqqətə çatdırılıb ki, Yusif Mirzəyev “N” saylı hərbi hissədə batalyon komandiri olub, Goranboy-Gülüstan istiqamətində gedən döyüşlərdə şəxsi igidlik və cəsarət nümunəsi göstərib. 1993-cü il fevralın 19-da Ağdərə rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Onun Vətən qarşısındakı xidmətləri dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib, o, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Qəhrəmanın xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq.
Sonra Milli Qəhrəmanın bacısı Nailə Mirzəyeva çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə minnətdarlığını bildirib.
Tədbir məktəblilərin səhnələşdirdikləri kompozisiyalarla, vətənpərvərlik mövzusunda şeirlərin səsləndirilməsi ilə davam edib.