Nəsimi rayonunda Novruz bayramı ərəfəsində növbəti “Abad həyət” sakinlərin istifadəsinə verildi
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin əhalinin məşğulluq səviyyəsinin, işgüzarlıq fəaliyyətinin artırılması və maddi rifahının yüksəldilməsi, kiçik və orta sahibkarlığın inkişafı üçün münbit şəraitin yaradılması, abadlıq-quruculuq işlərinin davam etdirilməsi istiqamətində verdiyi tapşırıqların yerinə yetirilməsi ilə bağlı yerli infrastruktur layihələrin icra olunması məqsədilə Bakı şəhəri Nəsimi rayonunda bir sıra işlər həyata keçirilmiş və hazırda növbəti layihələr reallaşdırılmaqdadır.
Nəsimi rayonunda genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam edir. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və istirahəti üçün mövcud parklarda və binaların həyətlərində yeni skamyalar, yeni söhbətgahlar qoyulur, uşaqlar üçün əyləncəli idman qurğuları quraşdırılır. Əhalinin ümumi istifadəsində olmalı olan, binaların həyətlərində özbaşına hasara alınmış ərazilərin çəpərləri sökülərək ərazidə təmizlik işləri aparılır, mövcud ağaclar budanır, səliqə-səhman yaradılır.
Abadlıq quruculuq işləri çərçivəsində H.Seyidzadə küçəsi 2, 5, 15, 35, 37 ünvanlarında geniş abadlıq işləri aparılmış, çoxsaylı binaların fasadları əsaslı təmir olunmuş, binaların blok girişləri, blok qapıları və pəncərələri yenilənmiş və «Abad həyət» salınmışdır.
Novruz bayramı ərəfəsində 2-ci mikrorayon, H.Seyidzadə küçəsi 37 ünvanının qarşısında “Abad həyət” Nəsimi rayon sakinlərinin istifadəsinə verilmişdir. Bu ünvanda binaların fasadı, dam örtüyü və zirzəmiləri əsaslı təmir edilmiş, binaların blok girişləri, blok qapıları və pəncərələri yenilənmişdir. Yaşıllaşdırma işləri aparılmış, həyətə ağac və gül kolları əkilmişdir. Sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi, istirahətləri üçün söhbətgah quraşdırılmışdır. Bu ünvandakı uşaqların da asudə vaxtlarının səmərəli keçirilməsi üçün xüsusi əyləncə avadanlıqları quraşdırılmışdır.
H.Seyidzadə küçəsi 37 ünvanının qarşısındakı ərazinin sakinləri öz binalarının həyətlərində yaradılan abadlığa görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər. Görüşdə qeyd olunmuşdur ki, bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti Nəsimi rayonunda da uğurla davam etdirilir, mikrorayonlarda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri sakinlərin rahatlığına xidmət edir.
Hal-hazırda Nəsimi rayonunun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam etdirilir.