Nəsimi rayonunda Novruz bayramı münasibəti ilə silsilə tədbirlər davam edir
13 mart 2018-ci il tarixdə YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı Nəsimi rayonu ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində böyük təntənə ilə qeyd olunmuşdur.
Tədbir 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin həyətində, açıq havada, qədim Bakını, milli adət-ənənələrimizi əks etdirən dekorasiyaların, Novruz personajlarının, Azərbaycan nağıl qəhrəmanlarının, Novruz bayramına həsr olunmuş rəsm və əl işlərindən ibarət sərginin nümayişi ilə keçirilmiş, hər kəsə bayram əhval-ruhiyyəsi bəxş etmişdir.
Qonaqlar Mərkəzin dərnək üzvlərinin iştirakı ilə bir-birindən maraqlı səhnələrə, rəqslərə, musiqilərə, şeirlərə, etnik, milli xüsusiyyətləri olan, özünəməxsus mövsum və mərasim nəğmələrinə, oyunlarına tamaşa etmiş, onlarla birgə şənliyə qoşulmuş, həyətdə qurulmuş iri tonqalı yandırmışlar. Şənlikdə Dədə Qorqud və Bahar qızının, Keçəl və Kosanın iştirakı bayramı daha da rəngarəng və canlı etmişdir.