Nəsimi rayon ictimaiyyətinin nümayəndələri cəbhə bölgəsində xidmət edən əsgərlərlə Novruz bayramını qeyd etdilər
Xalqımızın ən əziz bayramlarından olan Novruz Bayramı ərəfəsində Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri və respublikamızın populyar incəsənət xadimləri Müdafə Nazirliyinin Bərdə korpusunun “N” saylı hərbi hissəsində xidmət edən əsgər və zabitlərin görüşünə getmişlər.Qonaqlar hərbi hissə komandanlığı ilə birlikdə əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparmış, onlara bayram sovqatları çatdırmışlar.
Rayon ictimaiyyəti nümayəndələri hərbi hissədə xidmət edən gənclərlə görüşmüş, onların xidməti və məişət şəraiti ilə yaxından maraqlanmışlar. Hərbi hissədəki əsgər kazarmaları və yeməkxana ilə də tanışlıqdan sonra şəxsi heyət ilə keçirilən təntənəli görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Novruz Bayramı münasibəti ilə əsgərlərimizi təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamışdır. Natiq hərbi hissənin şəxsi heyətini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırmış və ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin oluduğunu, lazım gələrsə Prezidentimizin əmri ilə silaha sarılaraq müharibə yolu ilə torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirmişdir.
Qonaqlar Nəsimi RİH-nin hədiyyələrini, rayonun orta məktəblərinin kollektivlərinin hazırladıqları bayram xonçalarını, müxtəlif ləvazimatları və məktəblilərin əsgərlərə ünvanladıqları məktubları şəxsi heyətə təqdim etmişlər. Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılmışdır.
Hərbi hissə komandanlığı şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə məlumat vermiş, Nəsimi rayon İcra Hakimiyyəti rəhbərliyinə hərbi hissə ilə Nəsimi rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və Novruz bayramı tədbirinin təşkilinə görə öz minnətdarlıqlarını bildirmiş, hərbi hissədə keçirilmiş bu tədbirin hərbçilərin ruh yuksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulamışdır. Sonra respublikamızın tanınmış incəsənət ustalarının iştirakı ilə döyüşçülərimiz üçün böyük konsert proqramı təşkil olunmuşdur.
Konsertdə Nəsimi rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə yeni yazılmış, sözləri şair Zahid Əzizə, musiqisi isə gənc bəstəkar Elvin Muxtara məxsus olan “ Azərbaycan Əsgəri” mahnısının təqdimatı olmuş, Azərbaycan Respublikasının Əməkdar artisti Ehtiram Hüseynovun, 2008-ci il Azəristar müsabiqəsinin qalibi İlkin Əhmədovun və Tural Salmanovun ifasında səslənən mahnı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.
Hərbi hissə komandirinin əmri ilə xidmətdə fərqlənən bir qrup əsgər məzuniyyətlə mükafatlandırılmış və onlar Nəsimi RİH-nin nümayəndələri tərəfindən həmin gün evlərinə çatdırılmışlar.