Nəsimi rayonunda “Qələbəyə gedən yol”- 2016-cı il aprel döyüşlərinin növbəti ildönümü münasibəti ilə tədbir keçirildi
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Nəsimi rayon İcra Hakimiyyəti ilə birgə 2016-cı ilin Aprel döyüşlərinin növbəti ildönümü münasibəti ilə Nizami Kino Mərkəzində “Qələbəyə gedən yol” adlı hərbi vətənpərvərlik tədbiri keçirmişdir. Tədbirdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin və C.Naxçıvanski adına hərbi liseyin kursantları, rayon məktəblilərinin yuxarı sinif şagirdləri, Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin üzvləri, rayon veteranlar cəmiyyətinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbir Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin hərbi orkestri tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıldı. Sonra torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının, o cümlədən Aprel döyüşləri şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Azərbaycan Silahlı Qüvvələrinin güç və rəşadətindən bəhs edən video çarxın nümayişi tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.
Müdafiə Nazirliyinin Şəxsi heyət Baş İdarəsinin Mənəvi psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev Azərbaycan Silahlı Qüvvələrinin Vətənimizin torpaqlarının müdafiəsi uğrunda göstərdiyi qəhrəmanlıq və şücaətlərindən danışdı. Qeyd etdi ki, Aprel döyüşlərində də Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızın müdafiəsi üçün qəhrəmanlıqlar göstərmişlər. Azərbaycan Ordusunun gücü və qüdrətini xüsusi qeyd edən natiq tezliklə işğal altında olan torpaqlarımızın qaytarılacağına əminliyini bildirdi.
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov çıxış edərək bildirdi ki, 2016-cı ilin Aprel döyüşlərinin baş verdiyi hər bir gün hamımız üçün böyük bir sınaq günləri oldu. Həmin günlər Milli Ordumuzun əsgərləri doğma Vətən torpaqlarının hər bir qarışının bizlər üçün nə qədər əziz olduğunu öz canları və qanları hesabına bir daha sübut etdilər. Qeyd etdi ki, Aprel döyüşlərində əldə etdiyimiz qələbəmizdə vətənpərvərlik tərbiyəsinin əvəzsiz rolu danılmazdır. Aprel döyüşlərində qazanılmış qələbədə gənclərin yüksək vətənpərvərlik nümayiş etdirməsi, yüksək əhval-ruhiyə sərgiləməsi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu gənclər siyasətinin bariz nümunəsidir. 2016-cı ilin Aprel döyüşləri zamanı Milli Ordumuzun hərbiçiləri şəhidlik zirvəsinə yüksələrək öz canları və qanları hesabına hər birimizə çoxdan gözlədiyimiz qələbənin yollarını göstərdilər. 2016-cı ilin aprel ayının 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş dördgünlük müharibə zamanı Azərbaycan Milli Ordusu Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini Füzuli rayonu istiqamətində yerləşən “Lələ təpə” adlandırılan yüksəkliyi, Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi, qısa müddətdə strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələrini Ermənistan Silahlı Qüvvələrindən tam azad etdi. Bildirdi ki, tezliklə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında üç rəngli bayrağımız doğma Qarabağımızın hər bir guşəsində dalğalanacaqdır.
Tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Nəsimi rayon İcra Hakimiyyəti ilə birgə təşkilatçılığı ilə hazırlanmış “Azərbaycan əsgəri” mahnısı və klipi ilk dəfə olaraq tamaşaçılara təqdim olundu. Sözləri Zahid Əzizə, musiqisi Elvin Orucova məxsus, əməkdar artist Ehtiram Hüseynov, İlkin Əhmədov və Tural Salmanov tərəfindən canlı ifa olunan “Azərbaycan əsgəri” mahnısı tədbir iştirakçılarının böyük coşqusuna səbəb oldu.
Sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən “Azərbaycan əsgəri” mahnısının yaradıcı heyəti qiymətli hədiyyələrlə mükafatlandırıldı.