Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda 31 Mart-Azərbaycanlıların soyqırımı günü münasibətilə tədbir keçirilmişdir

31 mart 2018 | 16:00

       31 Mart-Azərbaycanlıların soyqırımı günü münasibətilə Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən silsilə tədbirlər davam etdirilir.Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq 31 mart 2018-ci il tarixində rayon ərazisində yerləşən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin   Təsviri Sənət qalereyasında növbəti tədbir keçirilmişdir.

      Tədbirdə rayon məktəblilərinin və gənclərinin   31 Mart-Azərbaycanlıların soyqrımına həsr olunmuş rəsmləri nümayiş olunmuşdur.Əvvəlcə tədbir iştirakçıları rəsmlərlə tanış olmuşlar.Sərgidə təqdim olunan rəsmlər tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur.

     Sonra Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Gülarə Verdiyeva  çıxış edərək qeyd etmişdir ki,1998-ci ildən 31 Mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırım günü kimi qeyd edilir.Azərbaycanlıların kütləvi surətdə qırğını,repressiyalara məruz qalması,doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Bildirdi ki,“Böyük Ermənistan” yaratmaq xülyasında olan ermənilər 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər.1918-ci ilin mart ayında əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası  tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşında əbədi həkk olunmuşdur.Azərbaycanlıların soyqırımı Bakı,Şamaxı,Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir.

     Ermənilər azərbaycanlıların tarixi torpaqlarından deportasiya edilməsi siyasətini davam etdirərək SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il “Ermənistan SSR-dən kalxozçuların və başqa azərbaycanlı əhalinin azərbaycan SSR-in  Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarına və bunun əsasında,1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına nail oldular.

       1988-ci ildə ortaya atılan qondarma Dağlıq Qarabağ konfliktinin ilkin mərhələsində 100 minlərlə azərbaycanlı öz tarixi torpaqlarından qovuldu.1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu.Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə çoxsaylı azərbaycanlının məhv edilməsi,əsir alınması,şəhərin yerlə yeksan edilməsinə gətirib çıxardı.Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmişdir. Bu gün Azərbaycan Respublikasının Prezideni cənab İlham Əliyevin  rəhbərliyi altında Xocalı soyqırımının dünya dövlətləri arasında tanınması istiqamətində böyük işlər görülür.Hal-hazırda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” beynəlxalq kompaniyası ildən-ilə geniş vüsət alır.

          Tədbirdə  çıxış edənlər -  Qarabağ müharibəsi veteranları, əlillləri və şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin Sədri Azər Quliyev, Böyük Vətən Müharibəsi, Əmək və Silahlı Qüvvələr Veteranlar Şurasının Nəsimi rayon şöbəsinin Sədri İsmayıl Fərəcov və 46 saylı tam orta məktəbin direktoru Sevinc Budaqova  Nəsimi rayonunda Azərbaycanlıların soyqırımının 100 illiyi  ilə bağlı keçirilən tədbirlərin əhəmiyyətini qeyd edərək, hər zaman xalqımıza qarşı edilən cinayətlərin, qırğınların yaddaşlarımıza həkk olunduğunu bildirdilər.

            Sonra 31 Mart - azərbaycanlıların soyqırımına həsr olunmuş videoçarx nümayiş olundu. Tədbirin sonunda çəkdikləri rəsmlərə görə bir qrup  məktəbliyə Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri təqdim edildi.

Keçidlər