Azərbaycan Dillər Universitetində Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş I Beynəlxalq elmi konfransının açılış mərasimi keçirilib
Aprelin 9-da Azərbaycan Dillər Universitetinin (ADU) Yeni Azərbaycan Partiyası (YAP) və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) dəstəyi ilə təşkil etdiyi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda I Beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.
Açılış mərasimindən öncə Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla başda olmaqla, universtitet rəhbərliyi, konfrans iştirakçıları və qonaqlar universitetin foyesində yerləşən Ulu öndər Heydər Əliyevin büstü önünə əklil və tər güllər qoyulub.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransın açılış mərasimində ADU-nun rektoru akademik K.Abdulla Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş konfransın açılış mərasimində qonaqları görməkdən məmnun olduğunu bildirib. Azərbaycanda multkulturalizm və tolerantlıq ideologiyasının dövlət siyasəti səviyyəsinə qalxdığını bildirən rektor K.Abdulla Azərbaycanda bu sahədə aparılan siyasətin ölkə rəhbərinin digər ölkələrin də xalqlarına olan xoş məramını ortaya qoyduğunu deyib. ADU-nun tarixində bu kimi mötəbər tədbirin keçirilməsinin ilk olduğunu deyən K.Abdulla bu konfransın məqsədinin Ümummilli lider Heydər Əliyevin Azərbaycan multikulturalizmi sahəsində gördüyü işlərin təbliğ edilməsi olduğunu bildirib. Rektor K.Abdulla 9 aprel-5 may 2018-ci il tarixlərini əhatə edəcək konfransa dəstək verən Yeni Azərbaycan Partiyası (YAP) və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə (BBMM) minnətdarlıq edib. K.Abdulla konfransın plenar və yekun iclaslarının Azərbaycan Dillər Universitetində, bölmə iclaslarının isə Azərbaycan Respublikasının Azərbaycan Dillər Universiteti ilə yanaşı, müxtəlif ölkələrin müvafiq qabaqcıl universitetlərinin bazalarında keçiriləcəyini diqqətə çatdırıb. O, bildirib ki, bölmələr Rusiya Federasiyasının I Prezidenti Boris Yeltsin adına Ural Federal Universiteti Universitetində “ADR - Şərqdə ilk demokratik respublikadır”, Ukrayna Respublikasının Kiyev Milli Linqvistika Universitetində “Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında Heydər Əliyevin rolu”, Türkiyənin Ərzurum Universitetində “Heydər Əliyev və türk dünyası” və Ərciyəs Universitetində “Müasir Azərbaycan: sosial, siyasi və iqtisadi inkişafı”, A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunda “Sərhədlərin fövqündə: Rusiya və Azərbaycan: mədəniyyətlərarası dialoq təcrübəsi”, İtaliya Respublikasının Kassino Cənubi Latsio Universitetində (Sülh və Təhlükəsizlik Fondu, Üçüncü Roma Universiteti, Genuya Universiteti, Link Kampus Universiteti, Nim Universiteti (Fransa), Beynəlxalq Menecment Universitetinin (Moldova) iştirakı ilə) “Multikulturalizm, sosial təhlükəsizlik, immiqrasiya, azadlıq”, Moskva Dövlət Linqvistika Universitetində “Dillərin və mədəniyyətlərin dialoqu çoxqütblü dünyada birgəyaşayışın amili kimi”, Moskva Şəhər Pedaqoji Universitetinin Samara filialında “Şərq-Qərb: XXI əsrdə mədəniyyətlərarası dialoq”, Gürcüstanın Tbilisi Dövlət Universitetində (Batumi, Kutaisi, Qori, Telavi universitetləri, Gürcüstan EA müvafiq institutları və «Bilik» cəmiyyətinin iştirakı ilə) “Azərbaycan-Gürcüstan münasibətlərinin təşəkkülündə Heydər Əliyevin rolu”, Çin Xalq Respublikasının Xucjou Universitetində “Bir qurşaq – bir yol: multikulturalizmin öyrənilməsi”, Belarus Respublikasının Minsk Dövlət Linqvistik Universitetində “Heydər Əliyev və Azərbaycan-Belarus münasibətləri”, Serbiya Respublikası Belqrad Universitetində “Multikulturalizmin Azərbaycan təcrübəsi”, Almaniya Federativ Respublikasının Ausburq Universitetində “Azərbaycan və Almaniya multikulturalizmi” mövzularında keçiriləcək. K.Abdulla bildirib ki, adıkeçən xarici universitetlərlə danışıqlar aparılıb və birgə fəaliyyət proqramı hazırlanıb, hər bölmədə Azərbaycan alimlərinin və Bakıda yekun plenar iclasda xarici universitet rektorlarının və nümayəndələrinin iştirakı nəzərdə tutulub. K.Abdulla konfransın bölmə iclaslarının baş tutacağı müvafiq universitetlərin Ümummilli lider Heydər Əliyevə olan dərin ehtiramlarının göstərilməsi ilə yanaşı, öz ölkələrinin multikultural dəyərlərindən bəhs etməkdə və “Azərbaycan multikulturalizmi” fənnin ölkələrində tədrisinə olunmasında maraqlı olduqlarını qeyd edib. K.Abdulla söyləyib ki, bu proyekt öz unikallığı ilə həm universitetlərarası münasibətlərin formalaşmasına, həm Ulu Öndərin ideyalarının Avropa və Asiyada bir daha yayılmasına, həm də azərbaycançılıq ideologiyasının yeni formatda inkişafına təkan verəcəkdir. Bundan əlavə, konfransın universitetlər, mütəxəssislər və tələbələr arasındakı əlaqələrin möhkəmlənməsinə, həmçinin ölkələrarası əlaqələrin dərinləşməsinə və ölkəmizə olan diqqət və marağın artmasına xidmət etdiyini qeyd edən rektor K.Abdulla ADU-nun professor-müəllim heyəti ilə yanaşı, həmin universitetlərin elmi qüvvəsinin də cəlb olunduğunu söyləyib. Rektor K.Abdulla konfransın təşkilində yaxından iştirak edən hər kəsə təşəkkürünü bildirib və konfransın işində uğurlar arzulayıb.
ADU tələbələri “Qaudeamus” tələbə himnini səsləndirdikdən sonra konfransın qonaqlarına söz verilib.
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin sədri Mübariz Qurbanlı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov, Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Nəsimi rayon İcra hakimiyyətinin başçısı Asif Əsgərov, Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sancay Rana Azərbaycanın multikulturalizm və tolerantlıq dəyərləri, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının digər millətlərlərlə birgə yaşayışının təmin edilməsi, millətlərarası münasibətlərin tənzimlənməsi yönündə oynadığı vacib rolundan söz açıblar. Konfransın bu dəyərlərin genişmiqyaslı vüsət alması istiqamətində mühüm əhəmiyyətə malik olduğunu qeyd edən qonaqlar konfrans haqqında dəyərli fikirlərini bölüşüb və konfransın işinə uğurlar arzulayıblar.
Konfransın tələbələrin həyatında oynayacağı əhəmiyyətli roldan danışan ADU-nun tələbəsi, Xəlifə rektor Nicat Aşurov və magistrant Leyla Cəfərova təşkilatçılara və konfrans iştirakçılarına uğurlar arzulayıb.
Konfransın bölmə iclaslarının keçiriləcəyi universitetlərin rəhbərlərinin - Rusiya Federasiyasının I Prezidenti Boris Yeltsin adına Ural Federal Universiteti Universitetinin rektoru professor Viktor Anatolyeviç Kokşarov, Genoa Universitetinin beynəlxalq işlər üzrə prorektoru Andrea Trukko, Türkiyənin Ərciyəs Universitetinin rektoru professor Mehemmed Güven, Ərzurum Universitetinin rektoru professor Ömər Çelik, A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun elmi işlər üzrə prorektoru Mixail Andreyevich Osadçiy, Moskva Dövlət Linqvistika Universitetinin rektoru professor İrina Arkadyevna Krayeva, Almaniya Federativ Respublikasının Ausburq Universitetinin filologiya və tarix fakültəsinin professoru Klaus Volf, Gürcüstanın İvane Cavaxaşvili adına Tbilisi Dövlət Universitetinin professoru David Qotsiridze, İtaliya Respublikasının Kassino Cənubi Latsio Universitetinin professoru Alessandro Fiqus, Roma Tre Universitetinin Təkmilləşmə şöbəsinin direktoru Massimiliano Fioruççi, Belarus Respublikasının Minsk Dövlət Linqvistik Universitetinin rektoru professor Baranova Natalya Petrovna – konfransla bağlı video-təbrikləri nümayiş olunub. Həmçinin, ADU-nun Beynəlxalq əlaqələr departamentinin müdiri Nigar Sultanova tərəfindən Çin Xalq Respublikasının Xucjou Universitetinin rektoru Liqin Zhang, Serbiya Respublikası Belqrad Universitetinin rektoru professor Vladimir Bumbaşiroviç Ukrayna Respublikasının Kiyev Milli Linqvistika Universitetinin rektoru professor Vasko Roman Vladimiroviçin yazılı təbrikləri qonaqların diqqətinə çatdırılıb.
Sonda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.