Şriftin ölçüsü :

Saytın rəngi :

120-dən çox əməkdaşa Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub

08 may 2024 | 10:24

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 123 əməkdaşı müraciətləri əsasında Yeni Azərbaycan Partiyası (YAP) sıralarına qəbul edilərək onlara Partiyanın üzvlük vəsiqələri təqdim edilib.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təşkil olunan tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov iştirak ediblər.  

İştirakçılar Mərkəzdə təlimlərə cəlb olunmuş həssas qruplara aid şəxslərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

S.Babayev Ümummilli Lider Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı naminə misilsiz tarixi xidmətlərini diqqətə çatdırıb. O, Ulu Öndərin müəllifi olduğu sosial inkişaf strategiyasının nailiyyətlərindən bəhs edib. 

Azərbaycanı Zəfər zirvəsinə yüksəldən,  ölkəmizin bütün sahələrdə dinamik inkişafını təmin edən Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində vətəndaş rifahının təminatı sahəsində atılan mühüm addımlar qeyd olunub. 

Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə 1992-ci ilin noyabr ayında yaradılan Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolu vurğulanıb. Bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Partiyanın cəmiyyətdə böyük etimada sahib olduğu və sıralarının daim genişləndiyi bildirilib. 

T.Budaqov Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının ölkəmizin bütün sahələrdə inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi proseslərində mühüm rolunu diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanın əldə etdiyi tarixi nailiyyət və qələbələrdən bəhs edib.  

Sonra YAP sıralarına yeni qəbul edilmiş əməkdaşlara Partiyanın üzvlük vəsiqələri təqdim olunub. 

Hazırda Nazirlik sistemi üzrə 4400 əməkdaşın YAP-ın üzvü olduğu diqqətə çatdırılıb.

Tədbir Mərkəzin benefisiarlarının ifasında musiqi proqramı ilə davam edib.

Keçidlər