Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə “həsr olunmuş elmi-praktik konfrans
Bu gün Nəsimi rayonu M.Hüseynzadə adına 19№li tam orta məktəbdə “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi”nə həsr olunmuş elmi-praktik konfrans və ayrı-ayrı siniflərdə açıq dərslər keçirilmişdir. Tədbirdə Nəsimi RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xalid Kərimov, məktəb müəllimləri, 250 nəfər şagird, valideynlər və jurnalistlər iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan məktəb direktoru M.Qənbərov dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna rolundan, onun müdrik siyasəti nəticəsində müasir Azərbaycan dövlətinin qurulması və xalqımızın müstəqillik arzusuna çatmasından danışmışdır.
Daha sonra çıxış edən məktəbin tarix müəllimləri Heydər Əliyevin 1969-cu ildən etibarən Azərbaycana rəhbərlik etdiyi dövrlərin xalqımızda milli dövlətçilik ideyasının formalaşmasında mühüm rolu olduğunu vurğulamışlar.
Sonda məktəbin 8-10-cu sinif şagirdləri Heydər Əliyevin həyat və fəaliyyəti haqqında öz fikirlərini tədbir iştirakçıları ilə bölüşmüşlər.
Qeyd edək ki, 21 yanvar 2013-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin Azərbaycan Respublikasında dövlət səviyyəsində geniş qeyd edilməsi barədə Sərəncam vermişdir.