Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda faşizm üzərində tarixi Qələbənin 73-cü ildönümü qeyd olunmuşdur

05 may 2018 | 16:00

II Dünya Müharibəsində faşizm üzərində Qələbənin 73-ci ildönümü paytaxtımızın mərkəzi rayonu olan Nəsimi rayonunda çox geniş və təntənəli  şəkildə qeyd olunmuşdur. Bununla əlaqədar   rayonun idarə və təşkilatlarında, ali və orta təhsil müəssisələrində veteranlarla görüşlər, mədəniyyət müəssisələrində tədbirlər təşkil olunmuşdur.

Qələbə günü ilə bağlı rayondakı 1941-1945 abidəsinin yerləşdiyi parkda  Nəsimi rayon rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, veteranların iştirakı ilə təntənəli tədbir keçirilmişdir.

Tədbrin əvvəlində orkestrin ifasında Azərbaycan Respublikasının  Dövlət Himni səsləndirilmiş, rayon məktəblərinin “Şahinlər” komandalarının rəsmi keçidi olmuşdur.

Tədbirdə  Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov əlamətdar gün münasibəti ilə veteranları və tədbir iştirakçılarını təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır. Natiq qeyd etmişdir ki, Böyük Vətən müharibəsinin iştirakçıları, həmin illərdə arxa cəbhədə çalışanlar bu gün hər birimiz üçün əzizdir.

Bildirilmişdir ki, II Dünya müharibəsində faşizm üzərində əldə olunmuş qələbədə Azərbaycan xalqının öz şərəfli yeri vardır. Müharibə başlananda respublikada orduya səfərbərlik ümümxalq hərakatına çevirilmiş, Azərbaycandan ordu sıralarına 680 min nəfərdən çox insan səfərbərliyə alınmışdır.

Müharibə illərində Leninqrad, Moskva, Sevastopol, Odessa, Stalinqrad, Kiyev və digər şəhərlər uğrunda gedən şiddətli döyüşlərdə, partizan əməliyyatlarında, Berlin uğrundakı döyüşlərdə Azərbaycan döyüşçüləri igidlik göstərmişlər.  Döyüşlərdə göstərdikləri igidliyə görə minlərlə soydaşımız orden və medallarla təltif olunmuş,  121 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına,  34 nəfər «Şöhrət» ordeninin hər üç dərəcəsinə layiq görülmüşdür.

1941 - 1945-ci illərdə Bakıda 63 yeni neft və kimya sənayesi müəssisəsi tikilib işə salınmış, döyüşən ordunun yanacaqla təminatında böyük işlər görülmüşdür. Ümumilikdə müharibə illərində  SSRI - də çıxarılan neftin 69%-ni Bakı vermişdi.   Müharibə illərində Azərbaycanın bütün bölgələrində 66 təxliyyə hospitalı yaradılmışdır.

Azərbaycan  xalqı bu gün də müharibədəki iştirakı dövrü ilə fəxr edir. Ulu öndər Heydər Əliyev daim müharibə veteranlarına xüsusi qayğı və diqqət göstərmiş, onların problemləri ilə yaxından maraqlanmışdır. O, qeyd etmişdir ki, «Azərbaycanın bütün ictimaiyyəti, bütün  Azərbaycan xalqı bilməlidir ki, II Dünya müharibəsinin, Böyük Vətən müharibəsinin veteranları bizim ən əziz və ən mötəbər insanlarımızdır».

Ulu öndərin  layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin həyata keçirdiyi mühüm əhəmiyyətili tədbirlər hesabına müharibə veteranlarının sosial müdafiəsi daha da yaxşılaşır.  Qələbənin 73 illiyi ərəfəsində ölkə başçısı cənab İlham Əliyevin   sərəncamı   ilə 1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyə görə orden və medallarla təltif olunmuş şəxslərə birdəfəlik maddi yardım verilməsi ölkə rəhbərliyinin veteranlara olan qayğısının bariz nümunəsidir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov veteranlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə veteranlar adından minnətdarlığını bildirmiş, Nəsimi rayonunda veteranlarla aparılan işi yüksək qiymətləndirərək Veteranlar Təşkilatının 2 dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 100 illiyi münasibəti ilə təsis etdiyi  Yubiley medalını Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif  Əsgərova təqdim etmişdir.

Tədbirdə 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin rəsm sərgisi nümayiş olunmuşdur. 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin kollektivinin rəqsləri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır. Daha sonra  1941-1945 abidəsinin  önünə əklil qoyulmuş, rayon rəhbərliyi, veteranlar, tədbirdə iştirak edən qonaqlar,  abidənin önünə tər çiçəklər düzmüşlər.

Tədbirin sonunda təşkil edilmiş çay süfrəsi arxasında  veteranlar öz xatirələrindən söz açmış, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən veteranlara hədiyyələr təqdim edilmişdir.  Səhhəti  ilə əlaqədar tədbirdə iştirak edə bilməyən   veteranların yaşadıqları mənzillərdə olunmuş, onlara bayram sovqatları çatdırılmışdır.

Keçidlər