Ulu öndər Heydər Əliyev mədəniyyətimizin inkişafına böyük töhfələr verib
Nəsimi Rayon İcra Hakimiyyətinin Beynəlxalq Muğam Mərkəzində Musiqi Kolleci ilə birgə reallaşdırdığı tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra kollecin direktoru, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyev müstəqilliyimizin ilk dövründə Azərbaycanın gələcək uğurlu inkişafının ideoloji prinsiplərini dəqiq müəyyənləşdirib.
Ümummilli liderin müdrik siyasəti ilə əsrlər boyu formalaşan Azərbaycanın çoxmədəniyyətlilik ənənəsi bu gün də yaşayır və inkişaf etdirilir. Dahi öndərin milli mədəniyyətimizin inkişafında xidmətləri ölçüyəgəlməzdir.
Sonra Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışaraq bildirib ki, milli dövlətçiliyin inkişafını və qüdrətlənməsini təmin edən tarixi şəxsiyyətin həyatı və fəaliyyəti bu tarixin özü ilə eyniləşir, bu dövrün başlıca mahiyyətini təşkil edir. Heydər Əliyev çağdaş Azərbaycan tarixinin yönünü və məzmununu müəyyən etməklə zamanın fövqünə yüksəlib, əbədiyyət qazanıb. O, xalqının taleyində dönüş yaradaraq ölkəsini tənəzzüldən tərəqqiyə qovuşdurub.
Natiq bildirdi ki, Heydər Əliyev çağdaş Azərbaycanın tarixinin yönünü və məzmununu müəyyənləşdirməklə zamanın fövqünə yüksəlib, əbədiyyət qazanıb. Dövrün bu dahi şəxsiyyətə bəxş etdiyi nadir keyfiyyətlər sayəsində o, tarixi hadisələrin gedişini irəlicədən görə bilib, Azərbaycanın dünəni, bu günü və sabahı üçün olduqca mühüm önəm daşıyan qərarlar qəbul edilən zaman düzgün mövqe tutub, qətiyyətlə hərəkət edib. Belə dərin zəka, dönməz iradə və tükənməz enerji bəyanat və çıxışlarında, qərarlarında, mürəkkəb vəziyyətlərdə atdığı addımlarda həmişə ona uğur və nüfuz gətirib.
“Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” qiymətini alan Prezident İlham Əliyev isə Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. O, Azərbaycanın çağdaş tarixinə yeni missiya ilə daxil olub. Dövlətimizin başçısı qısa müddətdə Azərbaycanın inkişafına, beynəlxalq nüfuzunun yüksəlməsinə nail olmaqla ölkəmizin ən yeni tarixinə qızıl hərflərlə yazılan uğurların müəllifidir. Möhtərəm Prezidentin rəhbərliyi ilə Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.
Sonra kollecin tələbələrinin ifasında bəstəkarlardan Cahangir Cahangirovun, Siyavuş Kəriminin, Tofiq Quliyevin, Vasif Adıgözəlovun mahnıları ifa olunub.