Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkənin birinci xanımı 268 nömrəli xüsusi məktəbdə Novruz şənliyində iştirak edib

15 mart 2013 | 16:00

  Bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Nəsimi rayonundakı 268 nömrəli sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəbə gəlib.
Mehriban xanım Əliyeva əvvəlcə şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olub. Yüzdən çox əl işinin nümayiş etdirildiyi sərgi uşaqların maraq dünyasını, arzu və istəklərini yetərincə əks etdirir. Daha sonra Mehriban xanım Əliyeva Novruz bayramı münasibətilə məktəbdə keçirilən tədbirdə iştirak edib.
Məktəbin özfəaliyyət dərnəyinin üzvlərinin rəqsləri tədbirə xüsusi ovqat gətirməklə yanaşı, onun daha maraqlı keçməsinə imkan yaradıb. Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva 268 nömrəli xüsusi məktəbin müəllim və şagirdlərini bayram münasibətilə təbrik edərək deyib: "Mən sizi bu gün görməyə, xüsusilə də belə bayram əhval-ruhiyyəsində görməyə çox şadam. Sizi qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. On il bundan əvvəl mən ilk dəfə sizin məktəbə gəlmişdim. Biz ilk dəfə o vaxt görüşdük. Artıq o zaman birinci sinifdə oxuyan uşaqlar indi məktəbi bitirirlər, 9-10-cu sinfin şagirdləridirlər.
Onu da demək istəyirəm ki, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən Azərbaycanın internat məktəbləri və uşaq evlərinin inkişaf proqramı məhz sizin məktəbinizdən başladı. Sizin məktəbiniz ilk məktəb idi. Ondan sonra onlarla məktəb yenidən quruldu, təmir olundu. Buna görə, mən hər il bu bayram ərəfəsində sizinlə bir yerdə olmağa çox şadam. Çox şadam ki, balalarımız gözəl təhsil alır, böyüyürlər. Çox şadam ki, belə yaxşı şəraitdə təhsil alırsınız. Onu da demək istəyirəm ki, mən hər zaman sizinlə görüşə xoş duyğularla gəlirəm".
Sonra şagirdlərə Heydər Əliyev Fondunun bayram hədiyyələri təqdim edilib.
Azərbaycanın birinci xanımı məktəbin sinif otaqlarına da baxdı, cari təmir işlərinin aparılması ilə bağlı müvafiq tövsiyələrini verib.
1927-ci ildə istifadəyə verilən məktəb 2003-cü ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunaraq, yenidən qurulub. İkimərtəbəli bina bütün avadanlıqla təchiz edilib. Hazırda xüsusi məktəbdə təhsil alan 920 şagirdin təlim-tərbiyəsi ilə 250 pedaqoq məşğul olur. Bu şagirdlərin 140-ı məktəblə daimi təmasdadır, digərləri isə təhsillərini ev şəraitində davam etdirirlər.

Keçidlər