Nəsimi rayonunda “Bizim rəqs dünyamız” konserti keçirildi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi ilə əlaqədar paytaxtın Nəsimi rayonunun idarə, müəssisə və təşkilatlarında, elm, təhsil və səhiyyə müəssisələrində silsilə tədbirlər təşkil edilib keçirilir.
Növbəti tədbir 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi tərəfindən S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında təntənəli bayram konserti keçirildi. Mərkəzin direktoru Lalə Qəti bayram tədbirində qonaqları salamlayaraq Mərkəzin fəaliyyəti haqqında məlumat verdi. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin kollektivini təbrik etdi və istedadlı məktəblilərə uğurlar arzuladı.
Konsertdə milli, nağıl qəhrəmanları, müasir və dünya xalqlarının rəqsləri nümayiş olundu. Rəqs qruplarının ifa etdiyi “Odlar yurdu”, “Çobanlar”, “Yelpənəklər”, “Aşbazlar” kimi süjetli rəqslər, “Koreya”, “Gürcü”, “İspan”, “Şərq” kimi bir-birindən baxımlı rəqslər öz gözəlliyi və uşaqların rəngarəng geyimləri ilə tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
Tədbirdə iştirak edən bütün iştirakçılar diplomlarla təltif olundu.