Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Məzun günü” qeyd edilib.
İyunun 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Məzun Günü keçirilib. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Nəsimi Rayonu İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, universitetin İctimai Etimad Şurasının sədri, millət vəkili Aydın Mirzəzadə, İctimai Etimad Şurasının üzvləri, eləcə də professor-müəllim heyəti və tələbələr iştirak edib.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı bütün məzunları bu əlamətdar gün münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bu il 1511 nəfər bakalavr və 515 nəfər magistrantın məzun olduğunu deyən rektor M.Babanlı 2017-2018-ci tədris ilində 87 bakalavr və 245 magistrantın universiteti fərqlənmə diplomu ilə bitirdiyini qeyd edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə təhsilin, o cümlədən ali təhsilin inkişafına daim diqqət və qayğı göstərdiyini vurğulayan rektor M.Babanlı ADNSU məzunlarının respublika iqtisadiyyatının və sənayesinin daha da inkişaf etdirilməsinə töhfə verəcəklərinə əmin olduğunu ifadə edib.
Tələbələri Məzun günü münasibətilə təbrik edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov onlara gələcək həyatında uğurlar arzulayıb. ADNSU-nun Azərbaycanın ən qocaman ali məktəblərindən biri olduğunu deyən A.Əsgərov bu universitetin məzunlarının müxtəlif sahələrdə böyük uğurlar qazandığını bildirib. Hazırda Azərbaycanın bütün sahələrdə böyük nailiyyətlər əldə etdiyini söyləyən A.Əsgərov bu yolda Prezident İlham Əliyevin əvəzsiz rolunu qeyd edib.
Millət vəkili Aydın Mirzəzadə məzunları təbrik edib, onlara gələcəkdə universitetin adını layiqincə təmsil etməyi tövsiyə edib. Ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyini diqqətə çatdıran A.Mirzəzadə bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
ADNSU-nun məzun günündə iştirak edən çoxsaylı qonaqlar adından çıxış edən SOCAR-ın Qaz İxracı İdarəsinin rəisi, “Neft-qaz qurğuları mühəndisliyi” ixtisası üzrə Dövlət Attestasiya Komissiyasının sədri Qağaməli Seyfullayev məzunların buraxılış işlərinin səviyyəsinin xeyli yüksəldiyini qeyd edərək ADNSU-da təhsilin keyfiyyətinin sənayenin tələblərinə uyğunlaşdırılması istiqamətində ciddi irəliləyişin əldə olunduğunu qeyd edib. O ADNSU-nun bir neçə tələbəsinin SOCAR-da işə qəbul olunduğunu söyləyərək məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra universiteti ən yüksək nəticələrlə bitirən məzunların adları simvolik kötüyə həkk olunub, onlara ADNSU-nun xatirə hədiyyələri təqdim edilib.
Tədbir konsert proqramı ilə davam etdirilib.