Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı səyyar qəbul keçirdi
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq səyyar qəbul keçirmişdir. RİH Başçısı Asif Əsgərov sakinlərin müraciətlərini dinləmişdir.
Sakinlərdən Həsənova Samirə, Məmmədova Vəfa, Nəbiyeva Şövkət, Allahverdiyeva Nilufər, Nəcəfova Afaq və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən mənzil növbəsinə götürülmə, yaşadıqları binanın qəzalı olması və bununla bağlı pilot layihə çərçivəsində yeni mənzillərlə təmin olunması, mərkəz hissədə aparılan abadlıq-quruculuq işləri çərçivəsində binaların həyət tərəfdən pilləkən meydançalarının təmir olunması barədə müraciətlər etdilər. Allahverdiyeva Nilufər mərkəz hissədə aparılan geniş miqyaslı abadlıq-quruculuq işlərinə görə, xüsusilə istismar müddəti bitmiş, qəzalı və təhlükəli vəziyyətdə olan eyvanların sökülərək yenidən qurulması işlərinə görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlığını bildirərək, qısa müddətdə paytaxtımızın nəzərəçarpacaq dərəcədə gözəlləşdiyini qeyd etdi.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. İcra Hakimiyyətinin Başçısı qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işləri qeyd edərək, Nəsimi rayonu ərazisində həyata keçirilən layihələr barədə söhbət aparmışdır.