Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “Ailə Akademiyası” layihəsinin açılış tədbiri keçirilib

14 iyul 2018 | 16:00

Nəsimi  rayon İcra Hakimiyyəti və  Ailə, Qadın və Uşaq  Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Ailə Akademiyası” layihəsinin açılış tədbiri keçirilib.

Tədbirdə ağsaqqal və ağbirçəklər, gənclər, ictimai birlik və təşkilatların, təhsil və səhiyyə ocaqlarının nümayəndələri, Nəsimi rayon  bələdiyyəsinin  əməkdaşları iştirak ediblər.

Tədbiri açan Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci  müavini Gülarə Verdiyeva  cəmiyyətdə ailə dəyərlərinin qorunması, gənclərin gələcək ailə həyatına hazırlanması, valideyn-övlad münasibətlərinin tənzimlənməsi istiqamətində maarifləndirmə işlərinin həyata keçirilməsinin əhəmiyyətindən danışıb. Gülarə Verdiyeva  qeyd edib ki, Azərbaycan ailəsi, ilk növbədə, milli adət-ənənələrimizi yaşatmalı, övladlarımız dünyaya gəldikləri gündən milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə olunmalı və bu ənənələr gələcək nəsillərə ötürülməlidir. Eyni zamanda, təhsil ocaqlarında da gənclərimizin xalqımızın mənəvi dəyərləri əsasında tərbiyə edilməsi məsələsi mühüm yer tutmalıdır. G.Verdiyeva  çıxışında “Ailə Akademiyası” layihəsinin ailə dəyərlərinin qorunması və möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addım olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq  Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva qloballaşma şəraitində zamanın çağırışlarına uyğun olaraq baş verən bir sıra proseslərin ailə institutuna nəzərəçarpacaq təsir göstərdiyini qeyd edib. “Ailə Akademiyası” layihəsinin əsas məqsədinin qloballaşmanın ailə institutuna təsiri fonunda ailə dəyərlərinin təbliği, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, qadınların cəmiyyətdə fəallığının və iştirakçılığının artırılması, gənclərin hüquqi biliklərinin və müasir cəmiyyətin inkişafında rolunun artırılması olduğunu söyləyib. A.Sofiyeva layihənin davamlılığı məqsədilə yerli özünüidarəetmə orqanları tərəfindən müxtəlif mövzular üzrə ekspertlərin iştirakı ilə tədbirlərin mütəmadi olaraq keçirilməsinin vacibliyini vurğulayıb.

Layihənin slaydlar üzərində təqdimatından sonra çıxış edən  rayon ağsaqqalları – İsmayıl Fərəcov, İmamverdi Həmidov, Mübariz Əliyev  müasir zamanda yaşlı nəslin təcrübəsindən faydalanmağın gənclər üçün önəmindən bəhs ediblər.

Tədbirdə AMEA-nın Fəlsəfə İnstitutunun şöbə müdiri Rəna Mirzəzadə, Respublika Dəri-Zöhrəvi Dispanserinin baş həkimi Şahnaz Baxşəliyeva çıxış edərək layihənin əhəmiyyətindən, müasir gənclərin üzləşdiyi ictimai problemlərdən, Azərbaycanda qadın hüquqlarından, onlara verilən dəyərdən, boşanmalar və səbəblərindən, məişət zorakılıqlarından, ailə təməlinin düzgün qurulmasından danışaraq, örnək ailə nümunələrindən bəhs ediblər.

Tədbirdə ailə münasibətlərinin formalaşması, ailə tərbiyəsinin uşağın şəxsiyyət kimi inkişafında rolu, gənc qızlarda liderlik keyfiyyətlərinin formalaşması, yaşlı nəsil ilə gənc nəslin dialoqu, gənclərin, xüsusilə gənc qızların hüququ və vəzifələri kimi mövzular müzakirə olunub.

Sonra tədbir Nəsimi bələdiyyəsində “Gənclərin formalaşmasında sosial şəbəkələrin rolu” mövzusunda dəyirmi masa ilə  davam edib.

 

Keçidlər