Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda növbəti “Abad həyət” sakinlərin istifadəsinə verildi

17 iyul 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin məşğulluq səviyyəsinin artırılması, maddi rifahının yüksəldilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi istiqamətində verdiyi tapşırıqların  yerinə yetirilməsi  ilə bağlı Bakı şəhəri Nəsimi rayonunda bir sıra işlər həyata keçirilmiş və hazırda növbəti layihələrin reallaşdırılması davam etdirilir.

Nəsimi rayonunda aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində geniş abadlıq işləri aparılmış, yüksəkmərtəbəli çoxsaylı binaların fasadları əsaslı təmir olunmuş və «Abad həyət»lər salınmışdır. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və  istirahəti üçün mövcud parklarda və binaların həyətlərində  yeni skamyalar, yeni söhbətgahlar qoyulur, uşaqlar üçün əyləncəli idman qurğuları quraşdırılır.

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən daha bir “Abad həyət”  4-cü mikrorayon  Asif Məhərrəmov küçəsi 68 və Mir Cəlal küçəsi 10 saylı binaların əhatə etdiyi məhəllədə  sakinlərin ixtiyarına verilmişdir. Bu ünvanda  doqquz mərtəbəli, 8 bloklu, 138 mənzilli A.Məhərrəmov küçəsi 68 saylı evin və beşmərtəbəli 12 bloklu 180 mənzilli Mir Cəlal küçəsi 10 saylı evin fasadları, dam örtükləri və zirzəmiləri əsaslı təmir edilmiş, hər iki binanın  blok girişləri, blok qapıları və pəncərələri yenilənmişdir. Məhəllədə yaşıllaşdırma işləri aparılmış və həyətə həmişəyaşıl ağaclar əkilmişdir. Sakinlərin asudə vaxtlarını və istirahətlərini səmərəli keçirmələri  üçün 5 söhbətgah və 20 oturacaq quraşdırılmışdır. Bu ünvandakı uşaqların da asudə vaxtlarını səmərəli keçirilmələri üçün xüsusi əyləncə avadanlıqları, oyun elementləri  və idman meydançası  quraşdırılmışdır.  Əhalinin ümumi istifadəsində olmalı olan, binaların həyətlərində özbaşına zəbt olunmuş ərazilərin çəpərləri sökülərək 2,5 ha ərazidə asfaltlaşma və  təmizlik işləri aparılmış, mövcud ağaclar budanmış, səliqə-səhman yaradılmışdır.

Növbəti abad həyətin sakinlərin istifadəsinə verilməsinə həsr olunmuş tədbirdə çıxış edən  Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif  Əsgərov bildirdi ki,  bu gün ölkə Prezidenti  cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti Nəsimi rayonunda da uğurla davam etdirilir, mikrorayonlarda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri sakinlərin rahatlığına xidmət edir. Asif Əsgərov   qeyd etdi ki, Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hal-hazırda rayonunun  ayrı-ayrı ünvanlarında binaların fasadlarında əsaslı təmir işləri  və həyətlərində abadlıq, quruculuq,  yenidənqurma və yaşıllaşdırma işləri davam etdirilir.

Asif Məhərrəmov küçəsi 68 və Mir Cəlal küçəsi 10  ünvanlarında yaşayan sakinlər ─ Humay Pənahova, Həbib Vəliyev, Samirə Abbasova, Fatma Həsənova və digərləri çıxış edərək həyətlərində  aparılan abadlıq, yenidənqurma və yaşıllaşdırma işlərinə  görə Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.

Keçidlər