Nəsimi rayon məktəblilərinin Qəbələ rayonundakı “Gənc sərhədçi” yay düşərgəsində istirahətləri başa çatmışdır
Nəsimi rayon İcra Hakimiyyətinin Dövlət Sərhəd Xidməti ilə birgə ənənəvi layihəsi olaraq 2018-ci ilin 11-19 iyul tarixlərində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının “Şəki” sərhəd dəstəsinin “Laza” sərhəd zastavasının bazasında Nəsimi rayon orta məktəb şagirdlərinin, rayonun aztəminatlı, şəhid və Qarabağ müharibəsi veteranları ailələrindən olan, təhsildə və idmanda fərqlənən 7-10-cu sinif şagirdləri üçün “Sərhədçi” yay hərbi vətənpərvərlik düşərgəsi təşkil olunmuşdur.
Düşərgənin fəaliyyət göstərdiyi müddət ərzində müxtəlif silahlarla, hərbi texnika ilə tanışlıq, silahların sökülməsi və yığılması, meşəlik ərazidə silahlı sərhəd pozucularının saxlanılması və sərhəd zastavasına müşayiət edilməsi mövzusunda məşğələlər, narkotik maddə və partlayıcı vasitənin xidməti itlər tərəfindən axtarılıb tapılması, sıra hazırlığı məşğələləri və digər tədbirlər şagirdlərin istirahətini daha maraqlı, səmərəli və yaddaqalan etmişdir.
Məktəblilər arasında mini futbol, voleybol, şahmat, dama və stolüstü tennis üzrə yarışlar keçirilmiş, axşam saatlarında şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə musiqili-əyləncəli tədbirlər, düşərgənin yaxınlığındakı meşəlik əraziyə gəzinti, çay süfrəsi arxasında müzakirələr təşkil olunmuş, Azərbaycan kinomatoqrafçıları tərəfindən vətənpərvərlik mövzusunda çəkilmiş kinolentlər, Dövlət Sərhəd Xidmətinin xidməti-döyüş fəaliyyətini əks etdirən sənədli filmlər və videoçarxlar nümayiş etdirilmişdir.
Yay hərbi vətənpərvərlik düşərgəsinə cəlb olunmuş şagirdlər üçün Qəbələ və Şəki rayonlarının tarixi, gəzməli və görməli yerlərinə, mədəniyyət ocaqlarına, “Qəbələnd” istirahət mərkəzinə ekskursiyalar, Qəbələ rayon mədəniyyət mərkəzinin incəsənət ustalarının iştirakı ilə konsert proqramları təşkil olunmuşdur.
“Sərhədçi” yay hərbi vətənpərvərlik düşərgəsinin baş çatması ilə əlaqədar təntənəli mərasim keçirilmişdir. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin və Dövlət Sərhəd Xidmətinin məsul şəxsləri iştirak etmişlər. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin gənc nəslin Vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunmasına, savadlı və sağlam inkişafına göstərdiyi diqqət və qayğı xüsusi qeyd edilmiş, keçirilən bu cür tədbirlərin gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynaması vurğulanmışdır.
Tədbirdə düşərgə dövründə müxtəlif yarışların qalibi olmuş şagirdlər mükafatlandırılmış, məktəblilərə xatirə hədiyyələri təqdim edilmişdir.