Nəsimi rayon İcra Hakimiyyətində sahibkarlarla görüş keçirildi
25 iyul 2018-ci il tarixdə Nəsimi rayon İcra Hakimiyyətində rayon ərazisində fəaliyyət göstərən iş adamlarının bir qismi ilə görüş keçirilmişdir. Tədbirdə RİH Başçısı Asif Əsgərov ölkəmizdə sahibkarlığın inkişafına dövlət dəstəyinin həyata keçirildiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafına xüsusi önəm verdiyini vurğulamış və ölkə başçısının yerlərdə iqtisadi durumun yaxşılaşdırılması məqsədi ilə daxili imkanlardan istifadə etməklə sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yerli infrastruktur layihələrin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqlarının icrasının təmin edilməsi istiqamətində Nəsimi rayonunda görülən işlər barədə məlumat vermişdir.
İş adamlarından Yavər Qurbanov, Elmar Kərimov, Afiq Rəhmanov və digərləri çıxışlar edərək Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə iş adamlarına göstərilən dövlət dəstəyinin, sahibkarlığın inkişafına yaradılan münbit şəraitin əhəmiyyətindən danışmış, Nəsimi rayonu ərazisində sahibkarların fəaliyyəti üçün mövcud olan əlverişli şəraitin investisiya qoyuluşu üçün geniş stimul yaratdığını və bütün bunlara görə Möhtərəm Prezidentə minnətdarlıqlarını bildirmişlər.
RİH Başçısı Asif Əsgərov 2018-ci ilin iyulun 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı prioritet istiqamətlərin müəyyənləşdirildiyini, xüsusilə sahibkarlığın inkişafı ilə bağlı verdiyi tapşırıqların yerinə yetirilməsi, həmçinin iqtisadi islahatların dərinləşməsində sahibkarlar qarşısında duran öhdəliklərin əhəmiyyətini nəzərə çatdırmışdır.
Nəsimi rayonunda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidənqurulması, yeni yaşayış binalarının inşa edilməsi, əlavə iş yerlərinin açılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarının icra olunması istiqamətində keçən dövr ərzində rayonda görülən işlər vurğulanaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin inşaat sektorunda mövcud nöqsanların aradan qaldırılması ilə bağlı verdiyi tapşırıqların icra olunması, xüsusilə tikinti-inşaat işlərinin müəyyən olunmuş şəhərsalma prinsiplərinə uyğun aparılmasının zəruriliyi qeyd edilmiş, işlərin səmərəliliyinin artırılması məqsədilə maneələrin aradan qaldırılması yolları müzakirə edilmişdir.
Ölkə başçısının sahibkarlığın inkişafı ilə bağlı verdiyi tapşırıqların yerinə yetirilməsi istiqamətində tədbirlərin Nəsimi rayonunda həyata keçirilməsi davam etdirilir.