Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş tərkibli iclası keçirilmişdir
Nəsimi rayon İcra Hakimiyyətində rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, ali və orta təhsil müəssisələrinin, səhiyyə və mədəniyyət müəssisələrinin, qeyri hökumət təşkilatlarının, ictimai birliklərin, rayon təsərrüfat xidmətlərinin rəhbərlərinin, din xadimlərinin və ağsaqqalların iştirakı ilə RİH Başçısı yanında Şuranın geniş yığıncağı keçirilmişdir.
Yığıncağı giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən gənclərin,yeniyetmələrin və orta məktəb şagirdlərinin asudə vaxtlarının, yay istirahətlərinin səmərəli təşkili, idman-sağlamlıq, hərbi vətənpərvərlik tədbirləri ilə əlaqədar keçirilən silsilə tədbirlər haqqında məlumat verdi. Bildirdi ki, gənclər, yeniyetmələr və uşaqlar ölkəmizdə daim yüksək qayğı, diqqət və nəvazişlə əhatə olunublar. Ölkəmizdə yeniyetmə və uşaqların sağlam və gümrah, eyni zamanda, savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaradılıb.
Çıxışına davam edərək Asif Əsgərov qeyd etdi ki, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin edilməsinə yönəlmişdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyev uşaqları sonsuz məhəbbətlə sevirdi və onlara böyük qayğı və diqqət göstərirdi. Azərbaycan uşaqlarının sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi Ümummilli Liderin daim diqqətində olmuşdur.Ulu öndər öz çıxışlarında dəfələrlə vurğulamışdır ki, müstəqil dövlətimizdə uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsi olduqca mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir.
Uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında Heydər Əliyev Fondu tərəfindən böyük işlər görülür. Fondun təhsil və səhiyyənin bir sıra problemlərinin həlli, yeni məktəblərin inşası, körpələr evi və internat məktəblərinin əsaslı təmiri və yenidən qurulması prosesində yaxından iştirakı Azərbaycanın gələcəyi olan uşaqlara yüksək qayğı nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu yöndə səfərbər olmasına yönəlmişdir.
Asif Əsgərov Dövlət Sərhəd Xidmətinin Nəsimi rayon İcra Hakimiyyəti ilə birgə layihəsi olaraq məktəblilərin yay tətili günlərində rayonun bir qrup yuxarı sinif şagirdlərinin Qəbələ rayonunda təşkil edilmiş “Gənc sərhədçilər” yay istirahət düşərgəsi haqqında ətraflı məlumat verdi. Həmçinin iyul ayında Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən yeniyetmələrin Azərbaycan Milli Elmlər Akademiyası Dendrologiya İnstitutunun Dendroloji parkına, Heydər Əliyev Fondunun layihəsi olan Zirə Mədəniyyət Mərkəzi və Eko-Parka ekskursiyaları təşkil olunmuşdur. Təşkil edilən tədbirlərdə rayon məktəblərində təhsil alan sosial qayğıya ehtiyacı olan aztəminatlı ailələrdən, təhsildə və idmanda fərqlənən məktəblilərin bir qrupu iştirak etmişdir. Yay tətili günlərində Nəsimi rayon gənclərinin də iştirakı ilə tədbirlər, o cümlədən sahibkarlığın inkişafı ilə daha yaxından tanış olmaları üçün Quba rayonuna ekskursiya təşkil edilmişdir. Hal hazırda bu istiqamətdə tədbirlərin təşkil edilib keçirilməsi davam edir. Tədbirlərin keçirilməsi ilə bağlı aidiyyəti qurumların üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün müvafiq tapşırıqlar verildi.
Şuranın iclasında qarşıdan gələn Qurban bayramı münasibətilə rayon ərazisində yaşayan aztəminatlı, sosial qayğıya ehtiyacı olan ailələrə Qurban paylarının verilməsi ilə əlaqədar hazırlıq işlərindən danışıldı və aidiyyatı şəxslərə müvafiq tapşırıqlar verildi.
Yığıncaqda çıxış edənlər bu gün Azərbaycanda mövcud olan ictimai-siyasi sabitliyin, əmin-amanlığın dayanıqlı və möhkəmliyinin mühüm əhəmiyyət kəsb etdiyini vurğuladılar. Qeyd olundu ki, respublikamızda mövcud olan dövlət-din münasibətləri, dinlərarası dialoq, dinlərarası tolerantlıq sahəsində dövlət siyasəti bu gündə uğurla həyata keçirilir. Ümummilli liderimiz Heydər Əliyevin xalqın birliyi yolunda göstərdiyi titanik fəaliyyətin bəhrəsini hər bir vətəndaşımız görür və bu kursu layiqincə davam etdirən cənab Prezident İlham Əliyevin dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan tolerantlığı ilə bu gün bütün dünyaya örnəkdir. Ölkəmizdə mühüm rol oynayan strateji amillərdən biri ictimai siyasi sabitlikdir. Mövcud olan milli həmrəylik, xalq-iqtidar birliyi də ölkəmizin milli gücünün artmasında ifadə olunur.Ölkəmizin demokratik prinsiplərlə inkişaf edən tolerant bir məkan olması və dövlətimiz tərəfindən bütün dinlərə və təriqətlərə sağlam fəaliyyət üçün şərait yaradılması xüsusi ilə qeyd olundu.
Sonra rayonda vətəndaşların müraciətlərinə, şikayət və təkliflərinə daha da diqqət və qayğıyla yanaşılmanın təmin edilməsi üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verildi.