Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda növbəti “Abad həyət” sakinlərin istifadəsinə verildi

04 oktyabr 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin məşğulluq səviyyəsinin artırılması, maddi rifahının yüksəldilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi istiqamətində verdiyi tapşırıqların  yerinə yetirilməsi  ilə bağlı Bakı şəhəri Nəsimi rayonunda bir sıra işlər həyata keçirilmiş və hazırda növbəti layihələrin reallaşdırılması davam etdirilir.

Nəsimi rayonunda aparılan yenidənqurma və quruculuq işləri çərçivəsində geniş abadlıq işləri aparılmış, yüksəkmərtəbəli çoxsaylı binaların fasadları əsaslı təmir olunmuş və «Abad həyət»lər salınmışdır. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və  istirahəti üçün mövcud parklar əsaslı təmir olunur, yeni parklar və yaşıllıq zolaqları salınır, binaların həyətlərinə  yeni skamyalar, yeni söhbətgahlar qoyulur, uşaqlar üçün əyləncəli idman qurğuları quraşdırılır.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə  ekoloji cəhətdən təmiz və abad həyətlərin modernləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılması məqsədi ilə həyata  keçirilən “Bizim həyət” layihəsinə Nəsimi rayonunda  ötən ilin dekabr ayından start verilmişdir.

Ötən müddət ərzində layihə çərçivəsində rayon ərazisindəki bir sıra həyətlərdə abadlaşdırma işləri aparılmış, mövcud yaşıllıqlar bərpa edilmiş, yeni yaşıllıq zolaqları yaradılmış, gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarının  möhkəmləndirilməsinə, asudə vaxtlarını səmərəli keçirmələrinə nail olmaq məqsədi ilə əyləncə qurğuları yerləşdirilmiş, futbol meydançaları və idman alətlərindən ibarət kiçik meydançalar salınmışdır.

Həmin layihənin davamı olaraq Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən daha bir “Abad həyət”  2-ci mikrorayon  H.Seyidzadə  küçəsi 1,3 və 7 saylı binaların əhatə etdiyi məhəllədə sakinlərin ixtiyarına verilmişdir. Bu ünvanda  3 beş mərtəbəli, bütövlükdə 12 bloklu, 180 mənzilli binaların fasadları, dam örtükləri və zirzəmiləri əsaslı təmir edilmiş, hər üç  binanın  blok girişləri, blok qapıları və pəncərələri yenilənmişdir. Məhəllədə genişmiqyaslı yaşıllaşdırma işləri aparılmış və həyətə 300-dən artıq həmişəyaşıl ağaclar əkilmişdir. Sakinlərin asudə vaxtlarını və istirahətlərini səmərəli keçirmələri  üçün 3 söhbətgah və 20 ədəd oturacaq quraşdırılmışdır. Bu ünvandakı uşaqların da asudə vaxtlarını səmərəli keçirmələri üçün xüsusi əyləncə avadanlıqları, oyun elementləri  və idman meydançası quraşdırılmışdır.“Abad həyət”in xüsusi bir guşəsində həvəskarlar üçün asfalt üzərində böyük ölçülü şahmat lövhəsi yaradılmışdır.

Əhalinin ümumi istifadəsində olmalı olan, binaların həyətlərində özbaşına zəbt olunmuş ərazilərin çəpərləri sökülərək 9000 kv.m ərazidə asfaltlaşma və  təmizlik işləri aparılmış, 500 metr bardyur qoyulmuş , mövcud ağaclar budanmış, səliqə-səhman yaradılmışdır. Yeni yaradılmış “Abad həyət”də 7 ədəd təhlükəsizlik kameraları quraşdırılmışdır.

Növbəti abad həyətin sakinlərin istifadəsinə verilməsinə həsr olunmuş tədbirdə çıxış edən  Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif  Əsgərov bildirdi ki,  bu gün ölkə Prezidenti  cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti Nəsimi rayonunda da uğurla davam etdirilir, mikrorayonlarda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri sakinlərin rahatlığına xidmət edir. Asif  Əsgərov   qeyd etdi ki, son illərdə ölkəmizin hərtərəfli inkişafında əldə olunmuş yüksək dinamikaya uyğun olaraq, paytaxtın mərkəzi rayonlarından olan Nəsimi rayonunda da istehsalın artımında, quruculuq-abadlıq işlərinin genişlənməsində, önəmli sosial layihələrin sürətlə gerçəkləşdirilməsində nəzərə çarpacaq uğurlar qazanılmışdır.  Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hal-hazırda rayonunun  ayrı-ayrı ünvanlarında binaların fasadları əsaslı təmir edilir  və həyətlərində abadlıq, quruculuq,  yenidənqurma və yaşıllaşdırma işləri davam etdirilir.

Tədbirin sonunda Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ərazinin sakinləri ilə görüşərək sakinləri maraqlandıran sualları cavablandırdı. Görüşdə sakinlərin qaldırdığı  problemlərin operativ həlli ilə əlaqədar aidiyyatı şəxslərə müvafiq tapşırıqlar verildi.

“Abad həyət”in  sakinləri Yusif  Yusifov, Faiq Səmədov, Nəsibə Musayeva  və digərləri çıxış edərək həyətlərində  aparılan abadlıq, yenidənqurma və yaşıllaşdırma işlərinə  görə Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər