Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda "Ənənəvi islami dəyərlər dini ekstremizmə qarşı" mövzusunda tədbir keçirildi

08 oktyabr 2018 | 16:00

Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı və Nəsimi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə  "Ambassador" mehmanxanasında "Ənənəvi islami dəyərlər dini ekstremizmə qarşı" mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva ölkədə o cümlədən Nəsimi rayonunda dini maarifləndirmə, ekstremizm əleyhinə təbliğat istiqamətində görülən işlərdən danışaraq bildirdi ki, bu gün Azərbaycanda dövlət siyasətinin əsas prioritet məsələlərindən biri də ölkədə vicdan azadlığının, tolerantlığın, dini dözümlülüyün təmin edilməsidir. Bu məqsədlə də bütün dinlərin nümayəndələri üçün lazımi şərait yaradılmışdır və bu prosesə dövlətin dəstəyi hər yerdə hiss edilməkdədir. Azərbaycan Respublikasının dünyəvi dövlət olması vətəndaşlar arasında dini ayrıseçkiliyə yol vermir. 

Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev “Dini ekstemizmə qarşı mübarizə islami dəyərlərin mühafizəsinin təminatı kimi” mövzusunda mühazirə ilə çıxış edərək milli-mənəvi dəyərlərin, o cümlədən, ənənəvi islami dəyərlərin mühafizəsinin konstitusiyon-hüquqi əsaslarını diqqətə çatdırıb, “Dini ekstremizmlə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun bir sıra müddəalarını şərh edib. İslam dininə aid ayin və mərasimlərin aparılması hüququnun yalnız Azərbaycan vətəndaşlarına mənsub olduğunu xatırladan aparat rəhbəri xaricdə dini təhsil almış vətəndaşların bu qəbildən olan tədbirlərdə iştirakının Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müvafiq İcra Hakimiyyəti orqanı ilə razılaşdırıldıqdan sonra mümkün olduğunu vurğulayıb. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin şöbə müdiri, Bilik fondunun Lektorlar Qrupunun üzvü Nahid Məmmədov "Dini ekstemizmə qarşı mübarizə milli-mənəvi dəyərlər kontekstində" mövzusunda mühazirə söyləyib. Mühazirəçi bildirib ki, xalqımızın milli-mənəvi dəyərləri bütün növ ekstremizmə qarşıdır. Dəyərlərin bəzi məkrli insanlar tərəfindən təhrif olunması çaşqınlıq yaradır. İslam dini zorakılığı, başqalarının azadlığını pozmaq cəhdlərini qəbul etmir. İslam sülhsevər dindir, onun daşıyıcıları da sülhpərvər insanlardır. Ölkəmizdə dinlə dövlət ayrı olsa da, bir-birinə daim dəstək olub. Məhz bu baxımdan Azərbaycan multikulturalzmi dünyaya nümunədir. N.Məmmədov gəncləri aqressiv münasibət sərgiləməkdən çəkinməyə və daim sağlam bilgilər əldə etməyə çağırıb.Tədbirdə iştirak edən  “Məşədi Dadaş”  məscidinin  imamı  Hacı Şahin Həsənov  çıxış edərək bildirdi ki, ölkəmizdə əsas prioritet məsələlərdən biri   tolerantlıq ənənələrinin  daha da möhkəmlənməsi  Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni dəyərlərinin qorunmasıdır.

Tədbirin sonunda mühazirəçilər iştirakçıların suallarına ətraflı cavablar veriblər.

Keçidlər