Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı sakinlərlə səyyar qəbulda
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. RİH Başçısı Asif Əsgərov 8 saylı orta məktəbdə sakinlərin müraciətlərini dinləmişdir. Qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev iştirak etmişdir.
Sakinlər bir sıra məsələlərlə ilə bağlı, o cümlədən mənzil məsələsi, pilot layihə ərazisinə düşən tikililərin sökülməsinin sürətləndirilməsi, qəzalı vəziyyətdə olan binalar, dam örtüyünün təmiri, asfalt örtüyünün təmiri, söküntü ilə bağlı təzminat verilməsi, kanalizasiya xətlərindəki nasazlığın aradan qaldırılması barədə müraciətlər etmişlər. Bir qrup sakin yaşadıqları məhəllədəki evlərin istismar müddəti keçdiyindən yararsız və yaşayış üçün əlverişsiz olduğunu nəzərə alaraq pilot layihələrə salınması istəyini bildirmişlər.
Qəbulda iştirak edən sakinlərlə Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan uğurlardan, xalqımızın rifahı və ölkəmizin tərəqqisi naminə atılan müdrik addımlardan, Nəsimi rayonunda da görülən işlərdən ətraflı danışılmışdır. Müraciətlərdə sakinlər istəkləri ilə bərabər, ölkəmizin, paytaxtımızın gündən-günə gözəlləşməsi, aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq yerlərdə səyyar qəbulların keçirildiyini və bu qəbullarda əsas məqsədin sakinlərin müraciətlərinin dinlənilərək operativ həll edilməsi olduğunu qeyd etmiş, qaldırılan məsələlərin aktuallığını nəzərə alaraq onların həlli istiqamətləri ilə bağlı tövsiyələrini vermişdir.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır.